🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dolların məzənnəsi ilə bağlı yeni proqnoz açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Rusiyada dolların məzənnəsinin payız aylarında 80 rubla, ilin sonuna qədər isə 85 rubla çatacağı proqnozlaşdırılır.
Məlumata görə, bu barədə SberInvesticii şirkətinin fond bazarı üzrə strateqi Dmitri Makarov “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Ekspert bildirib ki, aprel ayında əhalinin xarici valyutaya marağı nəzərəçarpacaq dərəcədə artıb. Fiziki şəxslərin xalis valyuta alışı mart ayında qeydə alınan 65,2 milyard rubldan 108 milyard rubla yüksəlib. Bu göstəricinin əvvəlki illərin analoji dövrü ilə müqayisədə daha yüksək olduğu vurğulanıb.
Dmitri Makarovun sözlərinə görə, buna baxmayaraq, valyuta bazarında əsas təsir yenə də büdcə qaydaları və ixrac gəlirlərinin axını ilə formalaşır. O qeyd edib ki, may ayında Rusiya Maliyyə Nazirliyi nisbətən az həcmdə valyuta alışı elan edib və bu, rublun mövqeyini qısamüddətli dövrdə güclü saxlamağa kömək edir.
Strateq hazırkı mərhələdə dollar üçün təxminən 75 rubl, yuan üçün isə 11 rubl səviyyəsinin “ədalətli məzənnə” hesab oluna biləcəyini deyib.
Ekspert hesab edir ki, rublun hazırkı güclü mövqeyi investorlar üçün valyuta alışlarını mərhələli şəkildə həyata keçirmək baxımından əlverişli görünür. O, “ideal məqamı gözləməkdənsə”, alışların zaman üzrə bölünməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Makarov əlavə edib ki, əhalinin xalis valyuta alışını artırması gələcəkdə rublun zəifləyəcəyi ilə bağlı gözləntilərlə əlaqədardır.