🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ceyhun Bayramov BƏM hakimi vəzifəsinə namizədlə görüşüb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinin hakimi vəzifəsinə namizədi Cin-Hyon Paik ilə görüş keçirib.
Məlumata görə, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşıdan gələn Beynəlxalq Ədalət Məhkəməsi hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan tərəfi BƏM hakimi seçkilərinə hərtərəfli yanaşır və namizədlərin peşəkar keyfiyyətlərini diqqətlə nəzərdən keçirir.
Görüş zamanı həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqazdakı mövcud vəziyyət müzakirə olunub. Nazir post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfi məlumatlandırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.