İnsan həyatının mənəvi və intellektual inkişafında atalar sözləri əsrlər boyu mühüm rol oynayıb. Sadə cümlələrə sığan dərin mənalar isə hər oxunuşda yeni bir düşüncə qatını üzə çıxarır.
Belə bir atalar sözü var: “bilmədiyini bilməyəndən uzaq gəz, bilmədiyini biləndən öyrən, bildiyini bilməyənə öyrət…” Bu hikmətli ifadə insan münasibətlərinin və bilik paylaşımının mahiyyətini çox aydın şəkildə izah edir. Hər insanın həyatında elə məqamlar olur ki, o, öz bilik və təcrübəsini yeniləməyə ehtiyac duyur. Amma bunun üçün ilk növbədə insanın öyrənməyə açıq olması, eqodan uzaq dayanması vacibdir. Çünki bilmək təkcə məlumat sahibi olmaq deyil, həm də onu düzgün şəkildə dəyərləndirib istifadə etmək bacarığıdır.
Atalar sözlərinin gücü ondadır ki, onlar zaman keçsə də dəyərini itirmir, əksinə daha da aktuallaşır. Oxuduqca insan düşünməyə başlayır, düşündükcə isə yeni suallar yaranır. Əslində öyrənmək heç vaxt gec deyil. Əsas məsələ insanın daxilində oyanan maraq, həvəs və inkişaf istəyi ilə bağlıdır. Həvəs olan yerdə yaş öyrənməyə mane ola bilməz.
Digər bir atalar sözündə deyilir: “bir gün ağıllı yaşamaq, ömür boyu axmaq olmaqdan yaxşıdır…” Bu fikir insan həyatında düzgün qərarların nə qədər önəmli olduğunu göstərir. Bəzən bir anlıq düşünülmüş davranış və ya doğru bir seçim, insanın bütün həyat yolunu dəyişə bilər. Əksinə, düşünülmədən verilən qərarlar uzun illər peşmanlığa səbəb ola bilər.
İnsan üç yolla başqalarından daha ağıllı ola bilər:
Təcrübə yolu ilə
Təqlid yolu ilə
Düşüncə yolu ilə
Birinci yol – təcrübə yolu – ən çətin və bəzən ən ağrılı yoldur. İnsan səhvlər edərək öyrənir, həyatın sərt dərslərindən keçir və bu proses onun daxili gücünü formalaşdırır. İkinci yol – təqlid – daha asandır. İnsan başqalarının təcrübəsindən faydalanaraq öz yolunu daha az risklə qura bilir. Üçüncü yol isə ən nəcib yoldur: düşüncə yolu. Bu yol insanın öz ağlını işlətməsi, nəticə çıxarması və şüurlu şəkildə qərar verməsi deməkdir.
Ağıllı olmaq üçün müstəqil düşünmək əsas şərtdir. Başqasının fikrini kor-koranə qəbul etmək insanı inkişafdan geri sala bilər. Düşüncəsi az olan insanın həyatı daha çox çətinlik və daxili sıxıntılarla dolu olur. Çünki insanın dünyası onun düşüncə səviyyəsi ilə ölçülür. Necə düşünürsə, həyatı da o istiqamətdə formalaşır.
Nəticə etibarilə, insan öz ağlını işlətməyi öyrəndikcə həyatında rahatlıq və aydınlıq artır. Çünki ağlını işlədən insan yalnız doğru qərarlar vermir, həm də daxili sakitliyə nail olur. Müdrik düşüncə isə insanın ən böyük sərvətidir.
Müəllif: Zümrüd Səfərova
Mənbə: Azərbaycan.media
