🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kərə yağı əridilməlidirmi? — Mütəxəssis illərin müzakirəsinə aydınlıq gətirdi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan mətbəxində geniş istifadə olunan kərə yağı ilə bağlı illərdir davam edən müzakirələrə qida mütəxəssisi aydınlıq gətirib.
Bir çox Azərbaycan ailələri yemək hazırlanarkən kərə yağından istifadə etməyə üstünlük verir və uzun illərdir bu yağın daha çox əridilmiş formada işlədilməsi ənənə halını alıb. Lakin bəzi mütəxəssislər kərə yağının əridilməsi zamanı keyfiyyət itkisinin baş verdiyini və hətta bunun sağlamlıq üçün risk yarada biləcəyini iddia edirlər.
Qida mütəxəssisi Fərid Səfərov “Bizim.Media”ya açıqlamasında bildirib ki, kərə yağı düzgün temperaturda əridildikdə nəinki zərərli deyil, əksinə bir sıra faydalar da verir.
Onun sözlərinə görə, düzgün şəkildə əridilmiş kərə yağı daha asan həzm olunur, yüksək temperaturda bişirmə üçün daha təhlükəsiz hesab edilir və tərkibindəki faydalı yağ turşuları ilə orqanizm üçün dəyərli qida mənbəyidir. Eyni zamanda A, D, E və K vitaminləri ilə zəngin olduğu üçün enerji verir və uzunmüddətli toxluq hissi yaradır.
Mütəxəssis vurğulayıb ki, problem kərə yağının əridilməsində deyil, onun həddindən artıq qızdırılmasındadır. Orta temperaturda emal edilən yağ öz keyfiyyətini qoruyur.
Hazır əridilmiş yağlar nə dərəcədə etibarlıdır?
F.Səfərov hazır şəkildə satışda olan əridilmiş yağlara da münasibət bildirib. Onun sözlərinə görə, bu məhsullar iki kateqoriyaya bölünür: təbii üsulla hazırlanan keyfiyyətli yağlar və sənaye üsulu ilə istehsal edilən, bəzən isə qarışıq tərkibli məhsullar.
Mütəxəssis qeyd edib ki, yalnız tərkibində saf kərə yağı göstərilən, əlavə bitki yağı, trans yağ və qatqılar olmayan, etibarlı istehsalçılara məxsus məhsulların istifadəsi məqsədəuyğundur. Əks halda bəzi məhsullarda dad və rəng üçün müxtəlif qatqılardan istifadə oluna bilər ki, bu da keyfiyyətə mənfi təsir göstərir.
Sonda vurğulanıb ki, hazır əridilmiş yağlar tamamilə zərərli deyil, lakin məhsul seçimi zamanı etiket məlumatlarının diqqətlə oxunması vacibdir. Ən ideal seçim isə ya təmiz tərkibli məhsullar, ya da ev şəraitində hazırlanmış kərə yağıdır.