Azərbaycan.media xəbər verir ki, son günlər ticarət və xidmət sahələrində müştərilərə qalıq pul kimi cırılmış, yapışqanlı və ya “skoçlanmış” əsginasların verilməsi ilə bağlı şikayətlər artır. Bu cür əsginasların daha sonra bir çox məkanlarda qəbul olunmaması vətəndaşları onları dəyişmək üçün banklara müraciət etməyə məcbur edir.
Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov bildirib ki, dövriyyədə istifadəyə yararsız hesab edilən əsginaslar ümumiyyətlə müştəriyə təqdim edilməməlidir. Onun sözlərinə görə, ciddi zədələnmiş, hissələri çatışmayan və ya üzərində yapışqan olan pullar artıq dövriyyə üçün yararsız sayılır.
İqtisadçı qeyd edib ki, belə əsginaslar satıcılar tərəfindən dövriyyədən çıxarılmalı və banklara təhvil verilməlidir. Hazırda bu proses Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir və yararsız pulların dəyişdirilməsi mümkündür, lakin prosedur kifayət qədər mürəkkəbdir.
Elçin Rəşidov hesab edir ki, vətəndaşlar belə hallarda daha rahat xidmət almalıdır: “Yararsız əsginas alan şəxs onu asanlıqla dəyişə bilməlidir. Bunun üçün bankların filial şəbəkəsindən daha geniş istifadə olunmalı və proses sadələşdirilməlidir”.
Ekspertin sözlərinə görə, dəyişmə mexanizminin sadələşdirilməsi həm dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, həm də vətəndaşların narahatlığının azalmasına xidmət edər.
O həmçinin vurğulayıb ki, kassada zədələnmiş pul qəbul edən vətəndaş dərhal etiraz etməli və dəyişdirilməsini tələb etməlidir: “Əks halda, məsuliyyət bir qədər də alıcının üzərində qalır”.
Mütəxəssis hesab edir ki, prosedur sadələşdirilərsə və banklar vasitəsilə operativ dəyişmə mexanizmi yaradılarsa, problem əhəmiyyətli dərəcədə azalacaq.