🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yer Ay kimi göründü: “Artemis II” missiyasının nadir görüntüsü və insanın özünə baxışı

Azərbaycan.media xəbər verir ki, jurnalist Fəridə Aslanova tərəfindən qələmə alınan maraqlı müşahidə və düşüncələr bu dəfə kosmosdan əldə edilən nadir görüntü üzərindən təqdim olunur.
Bu dəfə gördüyümüz mənzərə Ay deyil – bu, bizim doğma planetimiz, Yerdir. Aypara formasında görünən bu görüntü əslində “yerpara”dır. Sözügedən foto Artemis II heyəti tərəfindən Yer kürəsindən təxminən 67.200 kilometr yüksəklikdən çəkilib. Bu cür rakursdan Yer görüntülərinin əldə olunması 1972-ci ildən bəri ilk dəfə baş verir və bu fakt onu daha da əlamətdar edir.
Mütəxəssislərin də vurğuladığı kimi, bu görüntü qeyri-adi görünsə də, əslində tamamilə təbii prosesin nəticəsidir. Günəş sistemi daxilində hərəkət edən səma cisimləri, o cümlədən Yer, müəyyən trayektoriyalar üzrə hərəkət edir və işıq düşmə bucağından asılı olaraq müxtəlif formalarda müşahidə olunur. Bu baxımdan, Yerin “aypara” kimi görünməsi sadəcə perspektiv və işıq oyununun nəticəsidir.
Başqa sözlə, Yer kürəsinin bu halı yalnız foto çəkilən anda yaranmır – o, periodik olaraq bu görünüşü alır, sadəcə biz onu hər zaman müşahidə edə bilmirik. Bu isə kainatın dəyişməz qanunlarının və harmoniya içində hərəkət edən sistemlərin növbəti təsdiqidir.
Mövzu yalnız elmi faktlarla məhdudlaşmır, eyni zamanda fəlsəfi düşüncələrə də yol açır. Bu mənzərəni seyr edərkən insanın özünə baxışı da dəyişir. Məhz bu məqamda görkəmli şair Bəxtiyar Vahabzadənin məşhur misraları yada düşür:
“İnsan – göydə Ay kimidir,
Görünməyən tərəfi var.”
Əgər şair bu gün yaşasaydı, bəlkə də bu görüntüdən ilhamlanaraq insanı elə Yerə bənzədərdi. Çünki insan da Yer kimidir – onun da görünən və görünməyən tərəfləri var. Bu tərəfləri dərk etmək üçün isə bəzən özündən uzaqlaşmaq, fərqli baxış bucağı qazanmaq, sanki “Ay məsafəsinə” qədər yüksəlmək lazımdır.
Müəllifin ifadə etdiyi kimi, insan bəzən özünü kənardan görə bilir. Bəzən müharibələrin ağrısı ilə parçalanmış Yerə bənzəyir, bəzən isə qaranlığı işıqlandıran bir nur topuna çevrilir. Bu da insanın daxilindəki ziddiyyətlərin, eyni zamanda sonsuz potensialın göstəricisidir.

 

Mənbə: Azərbaycan.media