🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp 4 İyula Kimi Ukraynada Sülh İstəyir, Amma Putindən Siqnal Yoxdur

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ilin 4 iyuluna – ABŞ Müstəqilliyinin 250 illiyinə qədər Ukraynada sülh razılaşmasına nail olmaq niyyətindədir.

 “Bloomberg” agentliyi yazıb ki, Rusiya Prezidenti Vladimir Putinin güzəştə getməyə və təklif olunan şərtlərlə razılaşmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.

Agentlik bildirir ki, Rusiya-Ukrayna-ABŞ danışıqları bir neçə dəfə dayandırılıb. Hətta yüksək vəzifəli ABŞ nümayəndələri şəxsi söhbətlərdə Putinin tələblərindən imtina etməyə hazır olduğuna dair heç bir əlamət görmədiklərini etiraf ediblər. Bu il Əbu-Dabi və Cenevrədə keçirilən üçtərəfli danışıqların üç raundu əhəmiyyətli nəticəyə gətirməyib.

Eyni zamanda, Ukraynanın Avropa müttəfiqləri danışıqlar prosesindən təcrid olunub, baxmayaraq ki, ABŞ Trampın Ukraynaya yardımı dayandırmasından sonra əsasən Kiyev üçün silah və sursat maliyyələşdirən tərəf olub. Danışıqlar formal olaraq davam etsə də, faktiki olaraq çıxılmaz vəziyyət yaranıb.

Məqalədə qeyd olunur ki, Moskva və Vaşinqton ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və müşaviri Cared Kuşnerin rəhbərlik etdiyi danışıqlarda “kimin birinci təslim olacağı” uğrunda rəqabət aparırlar. Bu o deməkdir ki, ya Rusiya Donbas üzərində nəzarət daxil olmaqla bəzi “qırmızı xətlər”dən imtina etməli, ya da ABŞ Ukraynadan imtina etməli olacaq.

Ukrayna və müttəfiqləri üçün əsas məsələ Putinin rəsmi atəşkəsə razılıq verməsi və Trampın bunu uğur kimi elan edə bilməsidir. Lakin atəşkəsə baxmayaraq, Rusiyanın hibrid müharibə və təxribat kampaniyalarını davam etdirəcəyi gözlənilir.

Agentlik vurğulayır ki, Putin Rusiyada hakimiyyətdə olduğu müddətcə və rusların müharibəni davam etdirmək üçün vasitələri mövcud olduqca, bu vəziyyət dəyişməyəcək. Hətta davamlı maliyyə və iqtisadi çətinliklər belə Kremli əhəmiyyətli güzəştlərə məcbur edə bilməyəcək.