🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Minimum əmək haqqı hər il yenidən nəzərdən keçiriləcək – Artım gözlənilirmi?

Azərbaycan.media xəbər verir ki, iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli minimum əmək haqqının mümkün artım perspektivləri ilə bağlı açıqlama verib.

O bildirib ki, Əmək Məcəlləsinə 2026-cı il üçün edilən dəyişikliklər minimum əmək haqqına baxılmasını illik qaydada həyata keçirməyi nəzərdə tutur. Yeni mexanizmə əsasən, bundan sonra hər il ən azı bir dəfə minimum əmək haqqının məbləğinə rəsmi şəkildə yenidən baxılması təmin olunacaq. Bu baxımdan cari ildə də baxışın keçirilməsi mümkündür, çünki artıq bunun üçün hüquqi baza formalaşdırılıb.

Ekspert vurğulayıb ki, artım qərarı bir neçə əsas iqtisadi göstərici nəzərə alınmaqla müəyyənləşdirilir:

“Bu göstəricilər sırasında inflyasiya səviyyəsi, dövlət büdcəsinin gəlir və xərcləri, ölkədə yaşayış minimumu və istehlak səbətinin dəyəri, eləcə də orta aylıq əmək haqqının səviyyəsi yer alır. Məsələn, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və orta əmək haqqının artımı əsas götürülür. Eyni meyarlar minimum əmək haqqının artırılması zamanı da tətbiq oluna bilər”.

A.Nəsirli qeyd edib ki, 2026-cı il üzrə konkret artım faizi və ya məbləği ilə bağlı hələlik rəsmi proqnoz açıqlanmayıb:

“2026-cı ilin rəqəmləri hələ təsdiqlənməyib və ya müzakirə mərhələsindədir. Buna görə də artımın miqdarı yalnız müvafiq qərardan sonra dəqiqləşəcək. Bəzi müstəqil ekspertlər və media şərhlərində təxminən 10 faiz artım ehtimalı qeyd olunsa da, bunlar rəsmi proqnoz deyil. Minimum əmək haqqı sonuncu dəfə ötən ilin əvvəlində artırılıb və formalaşmış praktikaya görə hökumət bu göstəricini təxminən iki ildən bir yeniləyir. Bu dəfə də ilin sonuna yaxın minimum əmək haqqının təxminən 50 manat artırılması ehtimalı var. Bu addım həm qanunun tələblərinə əməl olunmasına, həm də əvvəlki praktikanın davamına uyğun qiymətləndirilə bilər”.