🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şeyxülislam: Vatikanda QMİ-nin nümayəndəliyinin yaradılması ilə bağlı danışıqlar aparılır

Azərbaycan.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Qərbi Azərbaycan İcması ilə birgə keçirilən tədbirdə çıxış edib.

 QMİ sədrinin sözlərinə əsasən, hazırda qurumun İstanbul, Tiflis, Batumi və Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir. O bildirib ki, hazırda Vatikanda da QMİ-nin nümayəndəliyinin yaradılması ilə bağlı danışıqlar aparılır.

Allahşükür Paşazadə qeyd edib ki, QMİ mərkəzi Bakıda yerləşən və Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan və Şimali Qafqaz müsəlmanlarını əhatə edən yeganə regional ictimai-dini təşkilatdır.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin dəstəyi və QMİ-nin səyi nəticəsində 2009–2014-cü illərdə qurumun tarixinə dair 40 min səhifəlik arxiv sənədləri Tiflisdən, həmçinin Azərbaycan tarixinə dair 500 səhifəlik sənədlər Türkiyə arxivlərindən ölkəyə gətirilib. Bu prosesdə professor Anar İsgəndərov, mərhum əməkdaş Müqəddəs Payızov və digər şəxslərin mühüm rolu olub.

Şeyxülislam vurğulayıb ki, bu istiqamətdə fəaliyyət hazırda da intensiv şəkildə davam etdirilir:

“Bizim niyyətimiz bölgədə sülh şəraitində yaşayaraq milli-mədəni irsimizi dirçəltmək və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır. Bu məqsədlə Müfti Hacı Salman Musayevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. Qərbi Azərbaycanla bağlı təbliğat işi illik tədbirlər planının əsas tərkib hissəsi kimi müəyyənləşdirilib. Komissiya müvafiq kitab və broşuraların nəşrini, Bakıda, Naxçıvanda və regionlarda tədbirlərin təşkilini nəzərdə tutur. Yaxın günlərdə ən son nəşrlərimizdən olan ‘İrəvan qazılığının tarixi’ kitabı ictimaiyyətə təqdim ediləcək”.