Azərbaycan.media xəbər verir ki, hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit formalaşıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev səsləndirib. Deputat bildirib ki, bəzi xarici dairələr regionda sülhün təmin olunmasında maraqlı deyil və bu səbəbdən Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirirlər.
Onun sözlərinə görə, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən qurumlardan biri Avropa Parlamentidir. Deputat qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistana qarşı heç bir addım atmayan bu qurum sonradan ölkəmizi “insan hüquqları və demokratiya” məsələləri ilə hədəfə alıb.
Samir Vəliyev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamenti Ermənistanın “vəkili” rolunda çıxış etməklə qərəzli mövqeyini daha açıq nümayiş etdirib.
Deputat əlavə edib ki, Avropa Parlamentinin bir qrup üzvünün Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran son bəyanatı əsassızdır. Onun sözlərinə görə, sözügedən şəxslərin müharibə cinayətləri sübuta yetirilib və Azərbaycan cəmiyyəti bu cür mövqeləri etirazla qarşılayır.
Millət vəkili diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcması da Avropa Parlamentinin bəyanatına münasibət bildirib. İcma həmin sənədi Ermənistanın Azərbaycan ərazilərinin işğalına, törədilmiş etnik təmizləmə və hərbi cinayətlərə göz yumulması kimi qiymətləndirib.
Sonda deputat vurğulayıb ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı beynəlxalq hüquq çərçivəsində müəyyən olunmuş fundamental hüquqlardandır və bu məsələyə beynəlxalq ictimaiyyət tərəfindən dəstək verilməlidir.
