Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi başa çatıb.
Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb. Məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında, ikinci mərtəbə üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran emalatxanasında toxunub.
Xalçanın kəsim mərasimində Leyla Əliyeva iştirak edib. Daha əvvəl o, İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olmuş, toxucularla vaxt keçirmiş və əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atmışdı. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.
Qeyd olunur ki, “Qarabağ” qrupuna aid olan və “Xətai” xalçasının elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Təxminən 150 toxucu qadın tərəfindən 60 milyon ilmə atılaraq əsər 2024-cü il dekabrın 16-da toxunmağa başlayıb.
Xalçanın tam şəkildə toxunması üçün xüsusi, yeni və fərqli üslubda dəzgah sifariş olunub. İki mərtəbədən ibarət bu dəzgah xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.
