Azərbaycan.media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələr üçün subsidiya ödənişlərinə yaxın günlərdə start verəcək.
Bu barədə AKİA-nın Dövlət Dəstəyi Şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib. O bildirib ki, ilkin mərhələdə subsidiya torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlara əsasən ödəniləcək.
Eyni zamanda, monitorinqdən uğurla keçmiş, aqrokimyəvi analiz aparmış, sığorta müqaviləsi bağlamış və torpaq sənədləri çıxarış olan fermerlər vəsaiti daha tez ala biləcəklər.
Cari dövrdə ölkə üzrə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb, 288 mindən çox fermer EKTİS-ə 639 minə yaxın bəyan təqdim edib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.
Subsidiya vəsaiti fermer kartlarına köçürülür. Fermerlər bu vəsaitin 25%-ni nağd şəkildə istifadə edə, qalan 75%-ni isə mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Həmçinin, subsidiyalar meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına sərf edilə bilər.
