🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şahdəniz yatağında 2025-ci ildə 27 milyard kubmetr qaz hasil olunub

Azərbaycan.media xəbər verir ki, 2025-ci il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ), eləcə də çoxsaylı obyektlər üçün BTC xətti və Avropadakı alıcılara qaz tədarükü davam etdirilib.

Bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birlikdə 2025-ci ilin yekunlarına dair yaydığı biznes hesabatında bildirilib.

Hesabata əsasən, ötən il Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Qeyd olunur ki, mövcud Şahdəniz qurğularının hazırkı hasilat gücü gündəlik təxminən 77 milyon standart kubmetr, illik isə təqribən 28 milyard standart kubmetr təşkil edir.

Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 4 iyun 1996-cı ildə imzalanıb, PSA sazişi isə 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf edilib.

Hazırda layihədə BP (operator – 29,99%), Cənub Qaz Dəhlizi (16,02%), “LUKoil” (19,99%), TPAO (19%), MVM (5%) və NİKO (10%) şirkətləri iştirak edir.