🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 100 faiz ödəniləcək

Azərbaycan.media xəbər verir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə – 100 faiz həcmində işçiyə ödəniləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdir müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, indiyədək müavinətin məbləği hesablanarkən sığorta stajı əsas götürülürdü və ödəniş tam şəkildə həyata keçirilmirdi. Qüvvədə olan qaydalara əsasən, 8 ilədək sığorta stajı olan şəxslərə müavinət 60 faiz, 8 ildən 12 ilədək stajı olanlara 80 faiz, 12 ildən yuxarı stajı və müəyyən kateqoriyaya aid şəxslərə isə 100 faiz həcmində ödənilirdi.

Nazirlik rəsmisinin sözlərinə görə, edilən yeni dəyişikliyə əsasən, artıq sığorta stajından və ya hər hansı statusdan asılı olmayaraq, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bütün hallarda tam – 100 faiz məbləğində ödəniləcək.