🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qulu Məhərrəmli: ABŞ-la strateji müttəfiqlik Azərbaycanın müstəqilliyinin əsas təminatlarından biridir

Azərbaycan.media xəbər verir ki, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli ABŞ-la strateji müttəfiqliyin Azərbaycanın müstəqilliyinin qorunması baxımından həyati əhəmiyyət daşıdığını bildirib.
Professor qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində qlobal güc balansı kiçik və orta dövlətlər üçün təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Onun sözlərinə görə, dünyanın ən qüdrətli dövləti hesab olunan ABŞ-la strateji tərəfdaşlıq Azərbaycanın milli maraqlarının qorunması, siyasi sabitliyinin möhkəmləndirilməsi və xarici təhdidlərin neytrallaşdırılması baxımından mühüm rol oynayır.
Q.Məhərrəmli vurğulayıb ki, belə əməkdaşlıq təkcə hərbi və təhlükəsizlik sahəsində deyil, eyni zamanda iqtisadi, enerji, informasiya və diplomatik müstəvilərdə də ölkənin mövqelərini gücləndirə bilər. Onun fikrincə, strateji müttəfiqlik Azərbaycanın beynəlxalq arenada manevr imkanlarını artırır və dövlət müstəqilliyinin uzunmüddətli qorunmasına xidmət edir.
Professor əlavə edib ki, geosiyasi reallıqlar fonunda balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursu ölkənin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir.

 

Mənbə: Azərbaycan.media