Azərbaycan.media xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt ölkənin neft sənayesinin vəziyyətini qiymətləndirmək məqsədilə Venesuelaya səfər edib.
“Associated Press”in məlumatına görə, Rayt Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes, hökumət rəsmiləri, neft şirkətlərinin rəhbərləri və digər şəxslərlə görüşəcək.
Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Venesuelaya mal və xidmətlərin tədarükünə, eləcə də neft və qaz hasilatı ilə bağlı müəyyən əməliyyatlara icazə verən əsas lisenziyalar təqdim edib. Bu lisenziya ABŞ şirkətlərinə Venesuelada neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olmağa imkan verir.
Ötən ay ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin neft şirkətləri Venesuelaya qayıtmağa və neft sektorunun bərpasına milyardlarla dollar sərmayə qoymağa hazırdır. Yanvarın 9-da Tramp bu perspektivləri müzakirə etmək üçün ölkənin ən böyük enerji şirkətlərinin rəhbərləri ilə görüşüb. Həmçinin yanvarın 14-də Trampla Rodriqes arasında telefon danışığı olub.
