Rəfail müəllimi ilk dəfə onun yüksək poetik zövqlə etdiyi tərcümələr vasitəsilə tanımışam. Tərcümə etdiyi şeirlərdə sözün nəfəsini, müəllifin ruhunu qoruyub saxlamaq bacarığı dərhal diqqətimi çəkmişdi. Hiss olunurdu ki, bu işə sadəcə peşəkar yanaşma deyil, həm də dərin ədəbi duyum və məsuliyyət hissi ilə yanaşır. Sonralar onun öz şeir yaradıcılığı ilə tanış olduqda isə daxili aləminin zənginliyinə, düşüncə dərinliyinə və insanpərvər mövqeyinə bir daha heyran qaldım.
Rəfail müəllimin qələmi səmimiyyətlə yoğrulub. Onun misralarında həyatın incə çalarları, insan ruhunun kövrək məqamları, zamanın sərt və eyni zamanda ümidli üzü öz əksini tapır. O, həm sözə, həm də insana hörmətlə yanaşan ziyalıdır. Nəcib xarakteri, təvazökarlığı və ədəbiyyata sədaqəti onu fərqləndirən əsas keyfiyyətlərdəndir.
Əziz Rəfail müəllimi yeni yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələmi daim iti, sözü həmişə işıqlı olsun!
Hörmətlə: Günel Natiq
Qara buludlar
Buludlar qaralır, indi hardasa,
sular axarından çıxacaq yenə.
Bu dünya təzədən düzələn deyil,
həsrət ürəyimi sıxacaq yenə.
Ayın ötən gündən görünmür üzü,
görünmür torpaqda bir insan izi.
Gündüz dəniz üstə gəzən buludun
yenə də qəfildən dolacaq gözü.
Daha bu torpaq da dözmür, sürüşür,
otağım dünəndən bir quş yuvası.
Daha olanlar da əriyib gedir
çözülmür ölümlə-qalım davası.
Titrəyir üzülən xəlbir əllərim,
əlimə gələnlər əlimdə qalmır.
Nə qədər yeriyim özgə önündə,
önümə aldığım önümdə qalmır.
Küləyə qoşulub gedəydim gərək,
üstümə tufanlar yürüyür indi.
Ötən günlərimi xəzan qarışıq
kor fələk qapıdan kürüyür indi.
Müəllif: Rəfail Tağızadə
Mənbə: Azərbaycan.media
