🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabahın hava proqnozu açıqlandı: bəzi ərazilərdə qar yağacaq

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti fevralın 12-nə gözlənilən hava şəraitini açıqlayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə az çiskinli yağış ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Regionlarda hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi yerlərdə qısamüddətli yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, yüksək dağlıq zonalarda 10-15° şaxta, gündüz isə 0-5° şaxta proqnozlaşdırılır.

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.