GÜNEL NATİQ YAZIR
(esse-araşdırma)

İnsan çox sevdiyi varlıqları çiçəyə bənzədir, “gül üzlü yarım” deyir. Dünya da gül misalındadır, ozan “bir gül kimi açan dünya” deyər.
Bayatılarımız da elə bir gülə bənddir:
Bülbül hanı,
Gül hanı, bülbül hanı?
Yarı yalqız görəndə
Danışmağa dil hanı?
Bülbülüm ötən bülbül,
Damlarda yatan bülbül,
Qönçə gülün eşqini
Yuxuya satan bülbül…
Gül istər klassik ədəbiyyatda, istər el ədəbiyyatında ən çox işlənən metaforadır. Gül öz rəngi, təravəti ilə sevgilini simvolizə edir. Yaşıl libaslar içində al yanaqlı, gül dodaqlı gözələ bənzədilir.

Bülbül isə gülün aşiqidir. Gülün şəninə yanıqlı nəğmələr qoşan aşiq:
Qurbaniyəm, erməmişəm,
Yar qəsrinə girməmişəm,
Belə cəllad görməmişəm,
Aldı canım gülə-gülə.
Folklorda gül çox sevilir. Ozan hər nə qədər “yarıma gül demərəm, gülün ömrü az olar” desə də, amma sevdiyi yenə “gül çöhrə”, “gül əndam”dır.
Gül deyəndə insanın gözünün qabağına dərhal bülbül gəlir. Xalq təsəvvüründə gül ilə bülbül sevginin, məhəbbətin rəmzidir. Səhər yeli əsəndə bülbül oyanır, şirin səsi ilə gülü tərifləyib vəsf etməyə başlayır. Gül də bülbülün bu cəh-cəhinə dözməyib asta-asta açılır, sanki gülümsəyir. Bu gülümsəmə gülün bülbülə olan sevgisinin, könül bağlılığının bir işarəsi sayılır.
Rəvayətdə deyilir ki, qızılgül əvvəllər solğun rəngli bir çiçəkmiş. Gülə aşiq olan bülbül onun tikanlarına məhəl qoymadan budaqlarına qonub qəmli nəğmələr oxuyarmış. Günlərin birində gülün tikanları bülbülün bağrını dəlib onu qana boyayır, canından olan bülbülün qanı gülün ləçəklərinə sızır və onu qırmızı qana bələyir. Belə rəvayət edirlər ki, o andan qızılgül qırmızı rəngli çiçəyə çevrilir.
Qurbani də bülbülü ağlar qoyan güldən gileylidir:
Gül dibini xara qoydun,
Bülbülü ah-zara qoydun,
Qurbanini biçara qoydun,
Gedirsən get, gəlirəm mən.
Xalq ədəbiyyatı nümunələrində elə al qızılgüllər var ki, heç vaxt solmur:
Bülbül ayrılığı sitəmdi gülə,
Güləbətin naxış süsən-sünbülə,
Altından nimtənə, üstdən silsilə,
Sərəndazdan töküb başa-baş, pəri!
Abbas Tufarqanlı bir gəraylısında bülbül qızılgül həsrətini ifadə edir. Bülbül kimi ah-fəgan eyləyən şair intizarını bu sayaq dilə gətirir:
Mərd ilə eylə ülfəti,
Çəkmə namərddən minnəti,
Bülbül qızılgül həsrəti,
Qışı, yazı zar, gedirəm.
Başqa bir şeirində şair özünü yorğun ovçuya bənzədir: “Yetə bilmədim, ovum qarlı dağlar aşdı da getdi.” Amma könül quşu göylərdə pərvaz etməkdədir.
Bir məqamda isə “Qeyri bülbül qona bilməz gülümə” deyə özünü bülbülə rəqib görür:
Mən Abbasam, yalan gəlməz dilimə,
Qeyri bülbül qona bilməz gülümə,
Tərlan düşdü mən nadanın əlinə,
Ovlaya bilmədim, qaçdı da getdi.
Bəzi xristian təriqətlərində güldən simvol kimi istifadə edilir. Gül saf eşqi simvolizə edir. İnanca görə, heç bir halda gülün ilahi təmizliyinə ləkə gəlməz.
Təsəvvüfdə gül və bülbül daha dərin mənaları simvolizə edir. Bülbül ilahi eşqlə yanıb-yaxılır, ruhu təmsil edir. Bu motiv “əzəli gül baxçasına olan xiffəti, həsrəti” ifadə edir.
Füzuli “Su qəsidəsində” deyir ki, bağbanlar heç zəhmət çəkməsinlər, çünki min gül yetişdirsələr belə, Onun üzü kimi bir gül yetişdirə bilməyəcəklər.
Başqa bir qəzəlində isə deyir:
Gül-i rüxsaruna qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Folklorumuz da gülün ilahi təmizliyindən ilham alır:
Qaracaoğlan deyil yağı!
Olmuşam gözün dustağı,
Küsdürmə qərib qonağı,
Qonub sənə meylim, gəlin!
Xəstə Qasım şeirində də gül-bülbül motivi işlənir:
Mən tanıram öz yarımı nəfəsdən,
Ol səbəbdən könül düşməz həvəsdən,
Tavus kimi səda verər qəfəsdən,
Bülbül kimi xoş dəftərdən oxurdu.
Atalar sözlərində gülə aid mətləblər dərin mənalarla yüklənib:
Gül qönçədə qalmaz, söz qəlbdə. – Heç bir şey gizli qalmır, vaxtı gələndə hər şey üzə çıxır.
Gül istəyən tikanını da istəsin gərək. – Gözəl və dəyərli bir şey istəyən onun çətinliyinə də qatlaşmalıdır.
Gül solanda bülbül ağlar. – Sevilən bir şey itəndə onu sevən daha çox üzülür.
Güldən ağır söz demək olmur. – Gözəl və dəyərli bir varlıq haqqında pis söz demək çətindir.
Gül güllüyü ilə üşüməz. – İnsan öz mühitində və özü kimilərin arasında sıxıntı çəkməz.
Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz. – Həyatda hər gözəlliyin mütləq bir çətinliyi olur.
Gülü get güllükdən gətir. – Hər şeyi öz yerində və layiq olduğu mühitdən götürmək lazımdır.
Gülünə bax, qönçəsini dər. – Bir işin gələcəyini onun başlanğıcından bilmək olar.
Gülü yad etdikcə, bülbülün fəryadı artar. – Sevgini yada salmaq ayrılıq dərdini daha da artırır.
Gülün qədrini bülbül bilər, nə bilər hər divana. – Bir şeyin qiymətini onu sevən və anlayan bilər, hər kəs yox.
Sünbül çiçəyi çox sevilən, haqqında şeirlər yazılan, nəğmələr qoşulan çiçəkdir. Ruha qida verən, ürəyə xitab edən həzin gözəlliyi var sünbülün. Vəsfi-hallarda sünbülün adı çox çəkilir. Xüsusilə gözəlin saçlarının tərifində sünbül çiçəyi anılır.
Klassik ədəbiyyatda çiçək adlarına çox rast gəlinir. Nərgiz gözlü, lalə yanaqlı, sünbül saçlı… Gözəlin gözəlliyi haqqında dolğun təsəvvür yaratmaq, oxucunun nəzərlərində kamil bir portret ərsəyə gətirmək üçün çiçək adları ideal variantdır.
Nəsimi bir beytində:
Sübhidəm bostanə sarı gülgəşt için əzm eylədin,
Bağçada gördün ki çıxmış bir həbibi güllüza – deyir.
Beytdə çiçəklərin köməyi ilə gözəlin bütün gözəlliyi göz önünə gətirilir, oxucu onu ilahi bir varlıq kimi görür.
Füzuli də sünbülün qoxusunu sevgilinin saçlarının qoxusuna bənzədir:
Şem’veş mutlak açılmaz yanmadan,
Tablar kim sünbül rişte-i canındadır.
Başqa bir beyt:
Can dirildən ənbərəfşan sünbülün sevdasına,
Əhli-cənnət surətində xətti-reyhan olmuşam.
Və başqa birində:
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,
Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın,
Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha.
Səməd Vurğunun misralarından da sünbülün ətri gəlir:

Titrəyirdi çəmən, titrəyirdi gül,
Oxurdu nəğmələr sabaha bülbül,
Bükmüşdü boynunu saralmış sünbül,
Qoxladım o yeri, laləzar gördüm.
Məmmədhüseyn Şəhriyarın bir şeirində gül həm gözəllik, həm də sevgi bəlirtisidir, onun əriməsi və açması şairin duyğularının dərinliyini göstərir:
Hər baxışda çalıban kipriyi mizarab kimi,
Bir qulaq ver bu sınıq qəlbi nə saz eyləmisən,
Başdan aç yaylığı əfşan eylə süsən sünbül,
Sən bizim bayramımızsan qışı yaz eyləmisən,
Sən gül ol qoy qəmimiz dağda qar olsun ərisin,
Mənim ancaq işimi süz o gudaz eyləmisən.
Bayatılarda da sünbülün sorağı var:
Dağda payız olanda,
Sarı sünbül solanda,
Yara elçi göndərrəm,
On beş yaşı dolanda.
Əzizim gül alanda,
Saça sünbül alanda,
Yarım yadıma düşər,
Əlimə gül alanda.
Folklorda da sünbül təşbehi ustalıqla işlənib. Sünbül aşiqin ovqatını, baş verənlərə yanaşmasını göstərir. Aşiqin könlü şaddırsa, bağçada nərgiz, bənövşə, sünbül boy verir; əgər pərişandırsa, sünbül də pərişandır.
Yenə gəlib bahar fəsli,
Süsən, sünbül,
Məzə dağı,
Açılıb güllər, nərgizlər,
Bənəvşələr, bəzə dağı.
Aşıq Abbas gözəli və sünbülü gözəl bir uyum içində vəsf edir:
Siyah zülfün beldən aşır,
Süsən sünbülə dolaşır,
Gözəllik sənə yaraşır,
Dur, dolanaq aralarda, Abbas.
Bir təcnisində sünbül gülşən bağçanın nadir gülüdür, çünki dərdə gülən Pəri öz əlləriylə bu çiçəklərdən dərir:
Nə gülürsən mənim kimi gülüncə,
Sən mənə gülüncə, dərdə gül, Pəri!
Alişan otaqda, gülşən bağçada,
Süsəni, sünbülü dər də gül, Pəri!
Varxiyanlı Aşıq Məhəmməd:
Ətri mixək, darçın, hil kimi,
Boyu uzun, saçları sünbül kimi,
Ağı ağdı, qırmızısı gül kimi,
Yanağı günəşdi, aya tən edər.
Yəhya bəy Dilqəm bir qoşmasında pərişan halını dilə gətirir və bu zaman bülbülü güllərdən yad olan dağlardan da, süsən-sünbüldən də gileylidir:
Qərənfil, şəqayiq, lalə tazə tər,
Baharın gülləri onu al bəzər,
Qara gəlsin süsən, sünbül sərbəsər,
Bülbülü güllərdən yad olan dağlar.
Ozanın sevinci də, kədəri də təbiətdən ayrı deyil. Hər halında aşıq təbiətə üz tutur, onunla bölüşür.
İnsan və təbiətin harmoniyası Meşkinli Məhəmmədin şeirində də görünür:
Getdi fəsli-bahar, gəldi zimistan,
Dərdü-möhnət çəkmiş, bulbul ağlamış,
Əsdi badi-xəzan, xəzəldi yeksan,
Süsən, sünbül, nərgiz, güllər ağlamış.
Atalar deyib, gülün ömrü bir bahardır. Amma söz elə bir güldür ki, zaman onu soldura bilmir. Dildən-dilə, nəsildən-nəslə keçərək gülün fani ömrünü əbədiyyətə çevirir.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media
