🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ürəyi Təbriz həsrətiylə döyünən insan

 

Balaş Azəroğlu
Xalq şairi

 

Mən Əlfini heç vaxt sakit xatırlaya bilmirəm. Çünki mənim də, Mədinə Gülgünün də ağır, qayğıya, diqqətə ehtiyacı olan günlərimizin diqqətcil şahidlərindən biri də odur. Çox yaxın idik, ailəvi get-gəlimiz, uşaqlarımız arasında ünsiyyət vardı. Və mən əvəlcə elə bilirdim ki, bu ünsiyyət təsadüfən, məqsədsiz yaranıb. Lakin çox sonralar anladım ki, biz cənubluların üzündəki qürbət möhürü son dərəcə həssas insan olan Əlfini bizə yaxınlaşdırmışdı. O bizə yaxınlaşmışdı ki, Günəş boyda istisindən qürbətin sazağında donanlara da pay düşsün, onlar da özlərini tək-tənha hiss etməsinlər…
Tez-tez görüşürdük. O zamanlar “Ədəbiyyat və incəsənət” qəzeti Yazıçılar İttifaqının birinci mərtəbəsində yerləşirdi. İşə gələndə mütləq Əlfiyə baş çəkib əvvəlcə hal-əhval tutar, dərdləşər, sonra yuxarı qalxardım. Hiss edirdim ki, mənə məxsusi münasibəti var – həmişə istəyirdi ki, qəzetdə mənim, Mədinə xanımın, başqa cənubluların şerləri, yazıları çıxsın. Bir dəfə hətta özündən də soruşdum ki, ay Əlfi, niyə çalışırsan ki, məni tez-tez çap edəsən? Qımışıb dedi ki, axı sənin təxəllüsün Azəroğludur. Belə ad daşıyan birisini çap etməmək olar məgər? Sonra da tam ciddi tərzdə əlavə etdi ki, sizin qəzet səhifələrində görünən hər imzanız həm düşmənin bağrını ox kimi dəlir, həm də dünyanın özü qədər böyük Cənub dərdinin qaysaqlanmasına, unudulmasına imkan vermir. Hər şeyi ondan sonra başa düşdüm və mən də çalışdım ki, onun etimadını doğruldam, qələmimi korşalmağa qoymayam – yazdıqca yazdım. Aramızdakı bu səmimi dostluqdan yalnız mən və Mədinə xanım bəhrələnmirdi. Az sonra Əlfi bütün cənubluların böyük, səmimi, qayğıkeş dostuna, qardaşına çevrildi…
Əlfinin ömür-gün yoldaşı Rəhilə xanımın işlədiyi Kitabxanaçılıq texnikumunda mənimlə, Mədinə xanımla, Söhrab Tahirlə, Əli Tudə ilə, Hökümə Billuri və başqalarıyla keçirilən dərin məzmunlu, işıqlı görüşləri unutmaq olmaz. Ümumiyyətlə Rəhilə xanım o məktəbi bir ədəbiyyat məbədinə çevirmişdi. O zamanların iki yüzədək məşhur yazıçısının avtoqraflı kitablarını, nadir şəkillərini özünün yaratdığı ədəbiyyat kabinəsinə toplamışdı. Kabinə deyildi, muzey idi, muzey!..
O zamanlar mən hələ Elmlər Akademiyasında işləyirdim. Yazıçılar İttifaqına keçməyə də məni Əlfi həvəsləndirdi. Həmişə deyirdi ki, Yazıçılar İttifaqı bütün yazı-pozu adamlarının “qiblə”sidi, çox istərdim ki, sən burda işləyəsən, lap göz qabağında olasan. O qədər dedi ki, mən özüm də həvəsə düşdüm. 1969-cu ildə rəhmətlik Heydər Əliyev Azərbaycana rəhbər gələndə məni Yazıçılar İttifaqına keçirmək istədi. Onda Akademiyada şöbə müdirimiz olan böyük alim Mirzağa Quluzadə razılıq vermədi. Mən elə Cənubi Azərbaycan şöbəsində qalıb işləyəsi oldum. İnstitutumuzun direktoru Məmməd Arif Dadaşzadə məni yanına çağırıb dedi ki, səni namizədlik dissertasiyası müdafiə etmədən baş elmi işçi təyin edirəm və maaşını artırıram. Amma 3 ilə müdafiə etməsən həmin maaş kəsiləcək. Onda Saib Təbrizinin həyat və yaradıcılığından dissertasiya işi yazdım və iki ildən bir qədər keçmiş müvəffəqiyyətlə müdafiə elədim. Elə onda da məni ilk təbrik edən Əlfi ilə yanaşı Mirzə İbrahimov, Söhrab Tahir, Anar və başqaları oldu.
İndi yəqin oxucular bilmir ki, Əlfi gözəl şerlər yazırdı, güclü poetik duyumu, istedadı vardı. Yazdığım şerləri Mədinə xanımdan sonra mütləq Əlfi oxuyardı. Fikir mübadiləsi edərdik, mənə qiymətli məsləhətlər verərdi. Həmişə deyərdim ki, niyə şerin daşını atmısan, niyə yazdıqlarını çap etdirmirsən? Gülümsünüb cavab verirdi ki, mən ortabab olmağa alışıq deyiləm – şair olsam, ortababından olacaqdım…
Onunla bağklı ən xoş xatirələrim məni istər-istəməz daim Şüvəlandakı Yazıçılar Evinə aparır. Neçə illər orada ailəvi istirahət etmişik. Ümumiyyətlə həmin o istirahət evi yazıçıları, publisistləri bir-birinə yaxınlaşdıran, bir-biriylə dost, həmməslək edən bir məkan idi. Təssüf ki, söz adamlarının indi belə bir məkanı yoxdur. Bilirsiniz, biz cənublular bura gəldiyimiz ilk illərdə məcburən öz aramızda ünsiyyət saxlayırdıq, cəmiyyətə tam mənada qaynayıb-qarışa bilmirdik. Bu övladlarımıza lap pis təsir edirdi, onlarda bir natamamlıq kompleksi yaradırdı. Əgər desəm ki, bizim balalarımıza Azərbaycan vətəndaşlığını Əlfi kimi həssas insanlarla yanaşı, Yazıçılar evindəki insani ünsiyyət verib, heç yanılmaram. Təsəvvür edin ki, uzun illər övladlarımın ad günü Əlfinin ailəsi süfrəmizin başında əyləşib. Onların bütün tədbirlərində də biz iştirak etmişik. Bizim gəlişimiz onlar üçün bayram olurdu, onların gəlişi bizim üçün…
Yaxşı yadımdadır, bir yay yenə Yazıçılar evində idik. Günlərin birində bizim cənublu yazıçı, alim Həmid Məmmədzadə bizə dəyməyə gələndə mənə dedi ki, yazıçı Abbas Pənahi haqda bir məqalə yazmışam, istəyirəm “Ədəbiyyat və incəsənət” qəzetində dərc elətdirim. Əlfi də elə həyətdəydi, köşkdə oturub Rəhilə xanımın dəmlədiyi pürrəngi çaydan içir, hərdənbir də əlinin işarəsiylə məni də yanına çağırırdı. Elə Həmidlə bir yerdə ona yaxınlaşdıq, məsələni açıb məqaləni verdik.Dedi narahat olmayın, çıxacaq. İki gündən sonra məqalə qəzetdə çıxdı. Elə həmin gün bir də gördüm ki, yazıçı Abbas Pənahi də Şüvəlana gəlib. Əlfi yox idi – işə getmişdi. Abbas mənə təşəkkür elədi, ürəyi lap dağa dönmüşdü. Dedi ki, ay Balaş, Əlfi mənə bu boyda yaxşılıq edib, mən də istəyirəm ona yaxşılıq edim. Dedim ki, Əlfi onsuz da yaxşılığı hamıya eləyir, özü də təmənnasız. Dedi, yox, məsələ onda deyil, amma mən də bu boyda ürəyigenişliyi cavabsız qoyan kişi deyiləm. Dedim ki, ay Abbas, nə yaxşılıq edəcəksən axı. Cavab verdi ki, darıxma, bu bazar görərsən…
Bazar günləri səhər Yazıçılar evində məxsusi sakitlik olardı. Çünki orada dincələn yazıçıların çoxu gecələr işləyir, səhərlər isə yatıb dincəlirdilər. Hətta uşaqlar da bunu bildiklərindən həyətdə sakit dolaşardılar. Amma həmin bazar sakitlik pozuldu. Hamı yuxudan toğlu mələrtisinə oyandı, özü də saat yeddidən az keçmiş. Pəncərədən baxanda gördük ki, darvazanın ağzına bir dənə qəşəng toğlu bağlanıb, mələrtisi kəsmir… Bayıra çıxdıq. Hamı bir-birinin üzünə baxırdı ki, görəsən bu toğlu kimindir bağlayıb bura. Cavab tapılmadı. Handan-hana istirahət evinin sürücüsü dedi ki, toğlunu Abbas Pənahi adlı bir kişi səhər yeddidə gətirib bura bağladı, dedi ki, Əlfiyə çatacaq, özü də çıxıb getdi. Məsələni başa düşdük. Əlfi gözünü ova-ova yuyunmağa getdi.
Toğlu kəsildi, günorta kabab çəkildi. İstirahət evində olanların hamısı həyətdəki tutun altında açılan süfrə ətrafına toplaşdı, masabəyiliyi yenə Əlfi elədi – o olan məclisdə bu vəzifəyə kimsə iddia edə bilməzdi. Şirin ağızla, deyə-gülə kababımızı yedik, həm ağzımızın tamını dəyişən Abbasın, həm də bu kababdan dadmağımızın səbəbkarı olan Əlfinin canına dua elədik. Amma Həmid Məmmədzadə də unudulmadı. Əlfi qayıtdı ki, ay kişilər, bu toğlunun Şüvəlana yolu, unutmamısınızsa, bir məqalədən keçir və həmin məqaləni də yetim Həmid yazıb, gəlin badələrimizi onun da şərəfinə qaldıraq, dalınca toğlu, heç olmasa yoluq çolpa gələn məqalələrdən tez-tez yazsın, biz də feyziyab olaq! Yaşasın Həmid Məmmədzadə!
Əlfinin içində əzəmətli bir Cənub sevdası vardı və onun bu sevdasına ailəsinin üzvləri də şərik etmişdi. Mənə elə gəlir ki, böyük oğlu İlqarın lap uşaqlıqdan fars dili təmayüllü məktəbdə oxuması, ali təhsilini universitetin şərqşünaslıq fakültəsində alması da elə bu sevdadan doğurdu. Zaman keçdi, İlqarı İranda işləməyə yolladılar. Onu yola salmağa ailəikcə gəlmişdik. Vidalaşanda Mədinə xanım yaman kövrəldi, İlqarı qucaqlayıb dedi ki, kaş köynəyinin bir düyməsi olaydım, məni də aparaydın oralara…
İlqar getdi, qayıtdı. Qayıdanda da qarşıladıq. Allahın işinə bax ki, gedib Tehranda Mədinənin bacısı Rəfiqəni tapıbmış. Bundan xəbər tutanda, Mədinə xanımın halı pisləşdi, heç cür sakitləşdirə bilmirdik…
İlqar İrandan rəhmətlik Səməd Behrənginin bütün yasaqlanmış kitablarını gətirmişdi – diplom işi yazacaqdı. Yazdı da. Onun elmi rəhbəri Mübariz Əlizadə bir dəfə mənə dedi ki, gücüm çatsaydı, onun diplom işini namizədlik dissertasiyası kimi təqdim edərdim, amma Əlfinin oğludur, məni düzgün anlamazlar. Az sonra İlqar həmin mövzunu dissertasiya mövzusu kimi təsdiq elətdirdi, elmi rəhbəri də professor Həmid Məmmədzadə oldu. Həmiddən İlqarın işini soruşanda dedi ki, ay Balaş müəllim, onun diplom işinin həcmi elə namizədlik işi boydadır, azacıq əl gəzdirib marksizm-leninizm klassiklərindən sitatlar salmaq lazımdır ki, hazır olsun, o da eləmir – deyir ki, axı Leninin Səməd Behrəngiyə nə aidiyyəti var?..
Sonralar İlqara dedim ki, müdafiə etməsən də, həmin diplom işini monoqrafiya şəklində çap elə, qoy Səmədi burda da tanısınlar. Hər dəfə söz verirdi, amma o kitabı görmədim ki, görmədim…
***
P.S.
Bu yazını 2010-cu il, mayın 27-də diktə edirəm. Artıq əlim qələm tutmur. Yaşım çoxdur, çox şeyləri unutmuşam. Amma Əlfi qayğısı, Əlfi böyüklüyü, Əlfi ürəyi unudulan deyil. Çox istərdim ki, Rəhilə xanım, İlqar özü yadlarında qalanlardan bu yazıya əlavə etsinlər. Axı hər şeyi onlar kimi bilən yoxdur…

 

Mənbə: Azərbaycan.media