Azərbaycan.media xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Xatırladaq ki, Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində açılmış cinayət işi üzrə qərar qəbul edərək, xüsusilə ağır cinayətlərdə ittiham olunan sabiq məmur barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçmişdi.
Qeyd edək ki, cinayət işi üzrə AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov, həmçinin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov da həbs olunub. Dünən məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətini uzadıb.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
