Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi təqdim olunub. Sərgini Leyla Əliyeva ziyarət edib və Reza Deqati ona sərgi ilə bağlı ətraflı məlumat verib.
“Yüksələn işıq” sərgisi Reza Deqatinin obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Fotolar yalnız vizual təsvir deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələr təqdim edir.
Sərgi “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü nümayiş etdirir. Reza Deqatinin fotoları müxtəlif taleləri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Sərgi səyahətin yalnız uçuşla deyil, həm də ilhamla başladığını xatırladır.
“Yüksələn işıq” sərgisi AZAL, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə təşkil edilib. Bu əməkdaşlıq “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” arasında uzunmüddətli strateji əməkdaşlığın bir hissəsini təşkil edir və müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin artırılması, sərnişin rahatlığının təmin edilməsi, həmçinin Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan danışır və AZAL vasitəsilə Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.
