🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çempionluğu ermənilərdən alan azərbaycanlı qadın – Zəminə Mirhadıyeva

 

Zəminə Mirhadıyeva Rza qızı 1949-cu ildə Ağdam şəhərinin Hamam məhəlləsində dünyaya göz açıb, babası Hacı Məmmədə məxsus olan, dövrünün tanınmış tacir evində doğulub. Anası Əntiqə xanım Ağdamın Seyidli kəndindən gəlin köçmüşdü. Zəminə xanım köklü, zəhmətkeş və ziyalı bir ailədə böyüyüb.
Atası Azad Şirinov Ağdamın tanınmış və hörmətli adamlarından biri olub. O, el üçün xeyirli işlər görmüş, Ağdamda Kərpic zavodu və İpək zavodunun tikintisinə nail olmuşdu. Lakin dövrün ağır siyasi reallıqları bu ailədən də yan keçməyib. Azad Şirinov bəy oğlu olduğu üçün repressiya illərində haqsız yerə həbs edilərək güllələnib. Yalnız 1957-ci ildə ona bəraət verilib. Bu faciə Zəminə xanımın həyatında dərin iz buraxsa da, onu sındırmayıb, əksinə, daha da möhkəmləndirib.
Zəminə Mirhadıyeva soylu nəslə xas olan kübarlığı, nəcibliyi və alicənablığı bütün həyatı boyu qoruyub saxlayıb. Onun insanlara, vətənə və peşəsinə münasibətinin alt qatında da bu keyfiyyətlər dayanır. İdmançı və məşqçi kimi çoxsaylı uğurlar qazanan Zəminə xanım 1990-cı illərdə ABŞ-da diaspor fəaliyyəti ilə məşğul olub, Qarabağın işğaldan azad olunması üçün bütün imkanlarını səfərbər edib. Torpaqlarımız azad edildikdən sonra isə o, demək olar ki, daimi olaraq Azərbaycana qayıdıb. Məqsədi doğma yurdların yarasına məlhəm olmaq, Qarabağın dirçəlişinə yardım etməkdir.
Zəminə Mirhadıyevanın həyat yolu dama oyunu ilə sıx bağlıdır. O, dama ilə lap uşaqlıqdan məşğul olmağa başlayıb. Ailədə on uşaq olublar və evdə adi oyuncaqlar olmayıb. Bunun əvəzinə, uşaqlar şahmat və dama oynayaraq böyüyüblər. Bu barədə Zəminə xanım deyir:
“Bizim oyuncağımız şahmat, dama idi. Bu, valideynlərimiz tərəfindən ağıllı düşünülmüş bir tərbiyə üsulu idi.”
Məktəb illərində Bakıda dama üzrə məşqlərə başlayan Zəminə Mirhadıyeva qısa müddətdə böyük uğurlar qazanıb. Həmin dövrdə qadınlar arasında dama üzrə Azərbaycan çempionatlarında üstünlük əsasən erməni idmançıların əlində idi və bu sahədə ciddi ayrı-seçkilik vardı. Buna baxmayaraq, Zəminə Mirhadıyeva öz əzmi və zəhməti ilə bütün maneələri dəf edib.
O, qadınlar arasında Azərbaycan çempionatında bütün rəqiblərini məğlub edərək çempion olub və bu çempionluğu erməni idmançılardan alaraq dama üzrə ilk azərbaycanlı qadın çempion kimi tarixə düşüb. Bu qələbə təkcə idman uğuru deyil, həm də milli qürur hadisəsi idi. Zəminə xanım həmin dövrü belə xatırlayır:
“Məşqçimiz erməni idi. Öz millətindən olan qızlarla xüsusi məşğul olur, onları çempionluğa hazırlayırdı. Mənim qızlar arasında çempion olmağıma bu amil maneçilik törədirdi. Amma mən ruhdan düşmür, öz üzərimdə çalışır, coxlu məşqlər edirdim”.
Bu qələbədən sonra o, uzun illər Azərbaycan çempionatlarının qalibi olub və ölkə dama məktəbinin formalaşmasında rol oynayıb.
Sonralar Zəminə Mirhadıyeva ali kateqoriyalı və əməkdar məşqçi kimi fəaliyyət göstərib, qadınlardan ibarət yığma komandanın baş məşqçisi olub. Onun yetişdirdiyi idmançılar Avropa və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil ediblər. Zəminə xanım dama oyununu təkcə idman növü deyil, həm də tərbiyə məktəbi hesab edir:
“Dama ağıl və zəka idmanıdır, uşağa fikrini cəmləməyi öyrədir.”
1990-cı illərdə ABŞ-a köçən Zəminə Mirhadıyeva burada öz vəsaiti ilə Azərbaycan–Nyu-York Assosiasiyasını yaradıb. Bu təşkilat Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Xocalı faciəsinin tanıdılması və Azərbaycan üçün ədalətin tələb olunması istiqamətində fəal iş aparıb. Aksiya və yürüşlərdə qadınlar, analar, hətta körpəli insanlar da iştirak edib.
“Biz bir əlimizdə Azərbaycan, bir əlimizdə Türkiyənin bayrağı ilə haqq səsimizi ucaldırdıq.”
44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər Zəminə Mirhadıyeva üçün ömrünün ən qürurlu anlarından olub. Qarabağ azad edildikdən sonra o, doğma Ağdama gedib, dağıdılmış ata-baba yurdunu ziyarət edib. Bu səfər onda həm kədər, həm də böyük ümid yaradıb.
Bu gün Zəminə Mirhadıyevanın ən böyük arzusu Ağdamda dama məktəbi tikdirməkdir. O, xüsusilə qızlardan ibarət güclü dama komandası yaratmaq, Qarabağın yeni nəsil dama ustalarını yetişdirmək istəyir. Bu arzu sadəcə bir niyyət deyil, illərin zəhməti və fədakarlığı üzərində qurulub. Zəminə Mirhadıyeva Amerikada yaşadığı illər ərzində həyatını təmin etmək və uğur qazanmaq üçün böyük zəhmətlə çalışıb, gündəlik xərclərindən, şəxsi rahatlığından qənaət edərək topladığı vəsaiti bu gün Ağdamda dama məktəbi tikdirməyə sərf etmək niyyətindədir.
Zəminə xanım bu arzunu belə ifadə edir:
“Qoy Qarabağın qızları vətənimizə qızıl medallar qazandırsın.”
Zəminə Mirhadıyevanın ömür yolu sübut edir ki, təmənnasız vətən sevgisi, zəhmətsevərlik, əzm və dürüstlük birləşəndə bu qələbə təkcə şəxsi uğur olmur, hamı üçün nümunəyə çevrilir.

 

 

 

Müəllif: Günel Natiq 

Mənbə: Azərbaycan.media