Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Görüş zamanı qonaq Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası ilə bağlı görülən işlərin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycanın tədbirin təşkili prosesində tətbiq etdiyi innovativ yanaşmaları yüksək qiymətləndirərək bunun forumun daha məzmunlu və səmərəli keçirilməsinə şərait yaratdığını vurğulayıb.
Anaklaudia Rossbax Azərbaycanın COP29 kimi beynəlxalq miqyaslı tədbirə uğurla ev sahibliyi etdiyini xatırladaraq COP29 və bunun ardınca WUF13-ün təşkilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, COP və WUF BMT sistemində ən iri tədbirlərdən hesab olunur və Azərbaycan bu iki mühüm platforma arasında mühüm əlaqə formalaşdırıb.
Qonaq həmçinin Azərbaycanın UN-Habitat-a göstərdiyi könüllü maliyyə dəstəyini yüksək qiymətləndirib, ölkəmizlə qurum arasında əməkdaşlığın, o cümlədən Azərbaycanda keçirilən Milli Şəhərsalma forumlarının önəmini qeyd edib və tərəfdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev göstərilən xoş sözlərə görə minnətdarlığını ifadə edərək WUF13-ün yüksək səviyyədə təşkili üçün bütün zəruri hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Dövlət başçısı bir neçə gün əvvəl Bakı Olimpiya Stadionu ərazisində aparılan hazırlıq işləri ilə yerində tanış olduğunu xatırladıb və forumun uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
Prezident, həmçinin Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin, innovativ yanaşmaların və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq müstəvidə nümunəvi xarakter daşıdığını qeyd edib və bu təcrübənin paylaşılmağa hazır olduğunu bildirib.
Görüşdə Azərbaycanın UN-Habitat-ın fəaliyyətinə verdiyi dəstək məmnunluqla vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında WUF13 Bakı standartlarına əsasən gələcək Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi üzrə əməliyyat təlimatının hazırlanmasına dair Niyyət Məktubu imzalanıb. Sənəd gələcək təşkilatçı tərəflərə qərarvermə prosesində dəstək göstərməyi və Bakı təcrübəsi əsasında forumların daha səmərəli keçirilməsini hədəfləyir.
