Azərbaycan.media xəbər verir ki, Böyük Qayıdış Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlər gənclər arasında milli dövlətçilik dəyərlərinin təbliği, Ümummilli Liderin zəngin irsinin dərindən mənimsənilməsi və tarixi xidmətlərinin yeni nəslə çatdırılması məqsədilə həyata keçirilib.
Tədbirlər planına uyğun olaraq gənclər Ulu Öndərin məzarını ziyarət edib, “Heydər Əliyev və Qarabağ” adlı tədbirə qatılıb, həmçinin Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Böyük Qayıdış Gənclər Təşkilatı və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Qarabağ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Rövşən Muradov, Bakı Avrasiya Kollecinin tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev və ATGTİ-nin proqram meneceri Bəxtiyar Quluzadə çıxış edərək Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz fəaliyyətindən, Qarabağla bağlı uzaqgörən siyasətindən və müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışıblar.
Natiqlər vurğulayıblar ki, bu gün azad Qarabağda dalğalanan üçrəngli bayraq Ulu Öndərin illər öncə formalaşdırdığı dövlətçilik strategiyasının və ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Bildirilib ki, Heydər Əliyev hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qətiyyətlə bəyan edərək tarixi Zəfərin ideoloji əsaslarını yaradıb.
Qeyd olunub ki, müasir Azərbaycan gəncliyinin “Böyük Qayıdış” prosesində fəal iştirakı Ümummilli Liderin gənclərə olan inamının və onlara verdiyi yüksək dəyərin göstəricisidir.
Ekskursiya çərçivəsində gənclər Heydər Əliyev Mərkəzində nümayiş olunan eksponatlar vasitəsilə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə tanış olub, Azərbaycanın müstəqillik tarixinin inkişaf mərhələləri barədə geniş məlumat əldə ediblər.
Bildirilib ki, mərkəzdə təqdim olunan nadir sənədlər, fotoşəkillər və multimedia materialları Heydər Əliyevin milli maraqlara əsaslanan uzaqgörən siyasətini dolğun şəkildə əks etdirir.
Ümummilli Lider, müasir Azərbaycan dövlətinin xilaskarı və dünya siyasətinin görkəmli simalarından biri olan Heydər Əliyevin xatirəsinin xalqın yaddaşında və qəlbində daim yaşayacağı xüsusi vurğulanıb.
Qeyd edək ki, silsilə tədbirlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.
