Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin mart ayının əvvəlindən etibarən Kreml və Vladimir Putin məxfi məlumatların sızması, həmçinin mümkün sui-qəsd və çevriliş cəhdi riskləri ilə bağlı ciddi narahatlıq keçirir.
“Vajnıe İstorii”nin Avropa İttifaqına üzv ölkələrdən birinin kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, xüsusilə Rusiya siyasi elitası daxilində mümkün hücumlarda dronlardan istifadə ehtimalı diqqət mərkəzindədir. Bu səbəbdən Federal Mühafizə Xidməti Putinin ətrafında təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib.
Bildirilir ki, prezident administrasiyasına daxil olan şəxslər artıq iki mərhələli yoxlamadan, o cümlədən tam axtarışdan keçirilir. Eyni zamanda, Putin və ailəsinin mütəmadi ziyarət etdiyi məkanların siyahısı ciddi şəkildə azaldılıb — onların artıq Moskva vilayətində və Valdaydakı iqamətgahlardan istifadə etmədiyi qeyd olunur.
Məlumata əsasən, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Putin tez-tez modernləşdirilmiş bunkerlərdə, xüsusilə Krasnodar bölgəsində yerləşən sığınacaqlarda qalır və bəzən həftələrlə fəaliyyətini oradan davam etdirir. Bu müddətdə Rusiya mediasının əvvəlcədən hazırlanmış video materiallardan istifadə etdiyi iddia olunur.
Həmçinin Putinin yaxın ətrafında çalışan əməkdaşlara mobil telefonlardan istifadə qadağan edilib, onlara yalnız internetə çıxışı olmayan cihazlardan istifadə etməyə icazə verilir. Moskvanın bəzi ərazilərində müşahidə olunan rabitə kəsintilərinin də Federal Mühafizə Xidmətinin fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.
Kremlin daxilində siyasi gərginliyin artdığı, hətta mümkün çevriliş ehtimalının müzakirə olunduğu qeyd edilir. İddialara görə, Sergey Şoyqu potensial çevriliş planlarında iştirak edə biləcək fiqur kimi dəyərləndirilir və bu səbəbdən onun həbs riski istisna edilmir. Onun keçmiş birinci müavini Ruslan Çalikovun həbsi isə elita daxilində qeyri-rəsmi təhlükəsizlik zəmanətlərinin pozulması kimi qiymətləndirilir.
Bundan əlavə, təhlükəsizlik strukturları arasında da gərginliyin artdığı bildirilir. 22 dekabr 2025-ci ildə Moskvada general-leytenant Fanil Sarvarovun ölümündən sonra keçirilən görüşdə müxtəlif qurumların məsuliyyəti bir-birinin üzərinə atdığı qeyd olunur. Valeri Gerasimov təhlükəsizlik xidmətlərini hücumların qarşısını ala bilmədiklərinə görə sərt tənqid edib.
Öz növbəsində Aleksandr Bortnikov isə bu cür hücumların sistemli şəkildə qarşısının alınmasının çətin olduğunu bildirərək ittihamlara cavab verib.
