Azərbaycan.media xəbər verir ki, qida rasionunda çörəyin çox olması ümumi kalori miqdarı dəyişməsə belə, bədən çəkisinin artmasına səbəb ola bilər.
Bakupost.az-ın Demokrat.az-a istinadən yaydığı məlumata görə, Osaka City University alimləri çörək və un məmulatlarının orqanizmdə piy yığılmasına təsirini araşdırıblar.
Molecular Nutrition & Food Research jurnalında dərc olunan nəticələrə əsasən, əsas məsələ qəbul edilən kalorinin miqdarı deyil, qidanın metabolizmə necə təsir etməsidir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, eyni kalori qəbul olunsa belə, un məmulatları ilə qidalananlarda daha çox çəki artımı müşahidə olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, belə qidalanma zamanı orqanizmdə enerji sərfiyyatı azalır və daxil olan maddələr daha çox piy şəklində toplanır. Bu prosesin genetik səviyyədə baş verdiyi və karbohidratların yağa çevrilməsinə cavabdeh genlərin aktivləşdiyi bildirilir.
Alimlər qeyd edirlər ki, nəticələr hələ tam şəkildə insanlar üçün təsdiqlənməyib. Bununla belə, əldə olunan məlumatlar “bütün kalorilər eynidir” yanaşmasının tam doğru olmadığını göstərir.
Mütəxəssislər hazırda müxtəlif karbohidrat növlərinin, xüsusilə tam taxıllı məhsulların insan orqanizminə təsirini daha dərindən araşdırmağa davam edirlər.
