🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Akif İslamzadə: “Erməniyə ‘Sarı gəlin’ haqqında sual verdim, cavab verə bilmədi”

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Akif İslamzadə ermənilərin Azərbaycan xalq mahnılarını mənimsəmək cəhdləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Sənətkar bildirib ki, ermənilər bu dəfə də “Girdim yarın bağçasına” adlı xalq mahnısına iddia edirlər. Onun sözlərinə görə, bu cür hallara əvvəllər də rast gəlinib və bir sıra xalq və bəstəkar mahnıları saxtalaşdırılaraq başqa xalqlara aid edilməyə çalışılıb. Akif İslamzadə qeyd edib ki, sözügedən mahnı onun ifasında daha geniş şöhrət qazanıb.
Müğənni bu məsələnin tarixi və mədəni tərəflərinə də toxunub. O bildirib ki, xalq mahnılarının müəllifi xalqın özü olduğundan onların hüquqi baxımdan qorunması çətindir:
“Bu xalq mahnısıdır. Necə qorunsun? Müəllifi xalqdır. Bu mahnını təkcə mən yox, məndən əvvəl də bir çox sənətkarlar ifa edib. ‘Girdim yarın bağçasına’ türk dünyasının ortaq mədəni irsidir”.
“Sarı gəlin”lə bağlı maraqlı xatirə
Akif İslamzadə Sovet dövründə Moskvada baş vermiş bir hadisəni də xatırladıb. Onun sözlərinə görə, müxtəlif respublikaların nümayəndələrinin iştirak etdiyi tədbirdə bir erməni musiqiçi “Sarı gəlin” mahnısının özlərinə məxsus olduğunu iddia edib.
Sənətkar bu iddiaya belə cavab verdiyini bildirib:
“O dedi ki, bu bizim mahnıdır. Mən isə soruşdum: əgər bu mahnı sizindirsə, erməni dilində ‘Sarı gəlin’ nə deməkdir? Bu sualdan sonra susdu”.
Müğənni vurğulayıb ki, Azərbaycan xalq musiqisi əsrlər boyu formalaşmış zəngin mədəni irsdir və bu irsin qorunması böyük əhəmiyyət daşıyır.