Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında SOCAR-ın bəzi struktur bölmələrinin ixrac gəlirlərində ciddi azalma qeydə alınıb.
Məlumata görə, şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi hesabat dövründə 27,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalma deməkdir.
Eyni zamanda, SOCAR-ın Qaz İxrac İdarəsi tərəfindən həyata keçirilən ixracın həcmi 2,6 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6 dəfə azalma anlamına gəlir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2026-cı ilin yanvar-fevral ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində bir sıra iri şirkətlər yer alıb. Siyahıda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “AGRARCO” MMC, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “PRİME LM” MMC, “P-AQRO” MMC, “KHAN-EL” MMC, “MORS TRADİNG” MMC və “STP ALÜMİNİUM” MMC təmsil olunub.
Dövlətə məxsus şirkətlər arasında isə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında AzerGold QSC liderlik edir. Siyahıda daha sonra “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, “SOCAR Cape” MMC, “Sənayecihaz” EİM, “İstisu” Mineral Su Zavodu MMC və “Qaradağ Şüşə Zavodu” ASC yer alıb.
Hazırda ixrac göstəricilərindəki bu azalmanın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
