🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

XATİRƏ İLƏ YAŞAMAQ, İTKİNİN MƏNƏVİ DAVAMIDIR

 

İnsan həyatı ayrılıqlarla yoğrulmuş bir yolçuluqdur. Bu yolçuluqda bəzən sevinclər çiçək kimi açır, bəzən isə itkilər qəlbin ən dərin qatlarına kölgə salır. İtki yalnız bir insanın fiziki yoxluğu deyil, həm də bir səsin susması, bir nəfəsin kəsilməsi, bir baxışın daha geri dönməməsidir. Lakin insan ruhu elə yaradılmışdır ki, o, yoxluğu tamamilə qəbul edə bilmir. Çünki sevgi ilə bağlanan heç nə tamamilə bitmir. Elə bu səbəbdəndir ki, xatirə ilə yaşamaq itkinin mənəvi davamına çevrilir.
Xatirə zamanın əlindən qaçıb ürəyə sığınan bir həqiqətdir. Vaxt keçir, illər dəyişir, fəsillər bir-birini əvəz edir, amma xatirələr silinmir. Onlar bəzən bir qoxuda, bəzən bir mahnıda, bəzən də sakit bir axşamın sükutunda qəfil boy göstərir. İnsan unutmur, sadəcə yaşamağı öyrənir. Çünki unutmaq xəyanət kimi görünür, xatırlamaq isə sədaqət kimi. Xatirə ilə yaşamaq sevdiyini yenidən diriltmək deyil, onu ruhunda daşımaqdır.
İtki insanın içində bir boşluq açır. O boşluq əvvəlcə ağrı ilə dolur. Hər küncdə onun izi görünür, hər əşyada onun nəfəsi duyulur. Ev əvvəlki ev olmur, səssizlik daha ağır səslənir. Lakin zaman keçdikcə həmin boşluq başqa bir məna qazanır. Ağrı yavaş-yavaş xatirəyə çevrilir. İnsan anlayır ki, itirdiyi şəxs artıq maddi aləmdə deyil, amma mənəvi aləmdə onunla birlikdədir. Hər qərarda, hər düşüncədə, hər dua anında onun izi qalır.
Xatirə ilə yaşamaq insanı zəiflətdiyi qədər də gücləndirir. Çünki itki insanı həyatın faniliyi ilə üz-üzə qoyur. O zaman insan daha dərindən düşünməyə başlayır. Əsl dəyərin nə olduğunu anlayır. Sevdiklərinə daha çox bağlanır. Sözün qədrini bilir. Vaxtın qiymətini anlayır. Bir baxışın, bir gülüşün, bir isti sözün əvəzolunmaz olduğunu dərk edir. İtki insanı dəyişir, amma xatirə onu ayaqda saxlayır.
Bəzən insan soruşur: –Niyə xatirələr bu qədər ağrılıdır. Çünki xatirə sevginin sübutudur. Sevdiyin qədər yanarsan. Bağlandığın qədər darıxarsan. Əgər xatirə ağrıdırsa, deməli sevgi böyük olmuşdur. Deməli o insanın həyatda izi dərin olmuşdur. Xatirə ağrının içində gizlənmiş bir minnətdarlıqdır. Çünki o insan sənin həyatından keçmişdir.
Xatirə ilə yaşamaq həm də məsuliyyətdir. İtirdiyin insanın dəyərlərini yaşatmaq, onun başladığı yaxşılıqları davam etdirmək, onun adını hörmətlə anmaq mənəvi bir borcdur. İnsan bəzən düşünür ki, mən yaşadıqca o da yaşayır. Mən onun xatirəsini qoruduqca o unudulmur. Elə bu düşüncə insanı ayaqda saxlayır. Çünki unudulmaq ikinci bir ölümdür. Xatırlanmaq isə mənəvi dirilikdir.
Xatirə zamanla daha sakit, daha təmkinli bir duyğuya çevrilir. İlk günlərin çığıran ağrısı illər sonra dərin bir sükuta dönür. O sükutun içində isə qəribə bir istilik olur. İnsan artıq ağlamadan da xatırlaya bilir. Gözlər dolmadan da dua edə bilir. Bu, qəbul etməyin mərhələsidir. Bu, itkinin həyatın bir parçasına çevrilməsidir.
İnsan həyatının ən böyük həqiqətlərindən biri budur ki, heç kim əbədi deyil. Amma sevgi əbədiyyətə yaxın bir duyğudur. Sevgi ruhdan ruha keçən bir işıqdır. O işıq söndürülə bilməz. Bədən torpağa qarışsa da, xatirə ruhda qalır. İnsan ruhu isə maddi sərhədlərlə məhdudlaşmır. Bu baxımdan xatirə ilə yaşamaq, əslində ruhların səssiz ünsiyyətidir.
Xatirə həm də insana səbr öyrədir. O, dərdi içində daşımağı, sükutla mübarizə aparmağı, göz yaşını gizlətməyi öyrədir. Amma eyni zamanda insanı mərhəmətli edir. Başqasının dərdini daha yaxşı anlamağa başlayırsan. Çünki özün o yoldan keçmisən. Öz ağrısını tanıyan insan başqasının ağrısına biganə qala bilmir. Bu mənada itki insanı kamilləşdirir.
Hər xatirə bir körpüdür. Keçmişlə bu günü birləşdirən görünməz bir bağdır. O bağ qopmadıqca insan öz kökünü unutmur. İtirdiyi insan onun həyat hekayəsinin ayrılmaz hissəsinə çevrilir. O hekayə yarımçıq qalmır, sadəcə başqa formada davam edir. Hər dua bir salam olur. Hər xatırlama bir görüş olur. Hər yaxşılıq bir ruh payı olur.
Nəticə olaraq demək olar ki, xatirə ilə yaşamaq insanın ən saf və ən səmimi halıdır. Bu, unutmağa qarşı səssiz bir müqavimətdir. Bu, sevginin zamana qalib gəlməsidir. İtki fiziki ayrılıqdır, amma xatirə mənəvi birlikdir. İnsan yaşadıqca, xatırladıqca, dua etdikcə sevdikləri də onunla birgə yaşayır. Çünki xatirə ilə yaşamaq, itkinin mənəvi davamıdır.

 

✍ Sevil Azadqızı

Mənbə: Azərbaycan.media