Fuad Biləsuvarlı yazır
Xalq şairi Nəriman Həsənzadə – 95
Əziz izləyicim! Qələmə aldığım bu yazının sərlövhəsi mənə yox, tanınmış jurnalist Xəyalə Muradlıya məxsusdur. O, neçə illər əvvəl hörmətli xalq şairimiz Nəriman Həsənzadəyə həsr etdiyi yazısını oxuculara bu sərlövhə ilə təqdim edib.
Nəriman Həsənzadə! Müasir ədəbiyyatımızın ağsaqqalı olan bu böyük şəxsiyyəti ölkəmizdə tanımayan varmı?!
Elə ölkəmizdən də kənarda da az tanınmır.
Nəriman Həsənzadə poeziyasının ovsununa düşənlər ondan ayrıla bilmir, həmişə onu axtarırlar.
“… Nəriman Həsənzadə şeirləri danışıq dilinə yaxın, sadə üslubu ilə seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənilir. Kitabdan rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Nəriman Həsənzadə oxucusunu çoxdan dostu, tanışı və ürək sirdaşı kimi dindirir!
Bu yüksək qiyməti sevimli şairimizin yaradıcılığına görkəmli ədibimiz Mir Cəlal Paşayev verib.
Xalq şairinin 2021-ci ildə üzü görmüş “Gözüm o gözlərdə qaldı”şeirlər toplusunu oxuyarkən keçirdiyim hissləri, aldığım yüksək təəssüratı ifadə etməkdə çətinlik çəkirəm.
Burada toplanmış şeirləri bir şairin incə “qəlbinin yaşantı və sarsıntılarını” əks edir. Təsadüfi deyil ki, sevimli şairin ” Mən səni sevdim ki… ”
silsiləsindən olan şeirləri uzun illərdir ki, dillər əzbəridir, bu şeirlər saf və ülvi məhəbbətin poetik təcəssümüdür.
Nəriman müəllimin sevimli artıq dünyasını dəyişmiş ömür-gün yoldaşı Sara xanıma həsr etdiyi bu şeirlər əsl məhəbbət dastanıdır.
Bu kitabdakı bütün şeirlər şairin bu dünyadan vaxtsız köçmüş ömür-gün yoldaşı Sara xanıma ünvanlanıb.
Az qala yarım əsrə yaxındır ki, sevilən şairimiz “milyonlar içində tənha bir ömür yaşayır”…
– Son mənzil deyirlər, mən onda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq.
Saf məhəbbətin təcəssümünə həsr olunmuş bu şeirlərin hər biri, hər misrası insan qəlbini ehtizaza gətirir, bu uca məhəbbətin qarşısında ehtiramla baş əyirsən.
– Sənsiz mən anasız uşaq kimiydim,
Dünya yadqızıydı məndən ötəri.
Nəriman Həsənzadənin Sara xanıma olan sevgi – məhəbbəti qibtə ediləsi bir məhəbbətdir. Ömür payında hamı bu yolu keçir, amma şairin bu sayğısı ölçüyəgəlməzdir. Çox dərindir, safdır, ülvüdür, və şair bu ayrılığı çox çətin yaşayır.
– Ayrılıq əbədi bir qəmdi, nə qəm,
Nə arzuya qıyır, nə yaşa baxır.
Mən daşa baxmaqdan daşa dönmüşəm,
Üz-üzə durmuşuq, daş-daşa baxır.
“Sevdiklərimi tez itirmək əzəldən taleyimə yazılıb mənim…” Bu, şairin xatirələrindən birində söylədiyi fikirlərdir. Atasını çox erkən itirib, anası isə heç 50 yaşı olmamış dünyasını dəyişib. Və bu itkilər onun taleyində dərin kədərli izlər buraxıb. Bir də dünyalar qədər çox sevdiyi xanımı ‐ Sara xanımı itirmək ona çox ağır zərbə olub.
– Məhəbbət… Nə deyim, bu ülvi ada,
Hamıya bir gözlə baxmayır o da.
Birinə ömür-gün yoldaşı verir,
Başqa birisinə göz yaşı verir…
Tənhalıqların öz çətinlikləri, öz qəmi var.
Hamıya bu dərdi, tənhalığı yaşaya bilmir.
Elə Nəriman müəllimin də 1985-ci ildən bəri itirdiyi Sara xanımı xatırlamadığı gün yoxdur.
– Bir dünya sevinci itib dünyanın,
Bir evə qəm köçüb yurd salmaq üçün.
Dərdi dərdimizdi Sara ananın –
Bu dərd kifayətdi qocalmaq üçün.
Şair Saralı günlərini ömrünün ən xoşbəxt günləri adlandırır. Xoşbəxtlik axtarmışıq, xoşbəxt ola-ola biz… ” – deyərək, bir gün yenə o unudulmaz günlərə qayıtmağını arzulayır:
– Qəfildən aç qapını,
dəyiş əynini bəzən.
Ən xoşbəxt günlərinə,
Qaytar məni təzədən.
Və yaxud:
– Bu axşam qəribə bir hiss keçirdik,
Nə tez ömür ötdü, yaş əlli oldu.
Sənin ad gününü sənsiz keçirdik,
Şəkilin yeganə təsəlli oldu.

“Daş ana” şeirindəki misralara nəzər yetirin. Görəsən bu zərif misraları hissləri bundan da təsirli, sərrast demək olarmı?!
-Yetim bir uşaqdı kişi qadınsız,
Mən bir uşaq dedim… Tək uşaq olmur.
Zaman qorxuludu, ömür vəfasız.
Dünyada tək qalıb yaşamaq olmur.
Şair xanımı olmaq çətindir. Sara xanım da sağlığında bu çətinliyi çox yaşayıb. Ömür-gün yoldaşı kimi, şairin çox qayğısına qalıb, onun nazını çəkib, yaradıcılığına ilham verib. Nəriman Həsənzadənin məşhur “Bir insan ömrünü girov qoymuşam, “Bir şair ömrünü yaşatmaq üçün”…
Misralarına Sara xanımın kiçik düzəlişi də çox təsirlidir:
– Bir qadın ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq üçün…
Artıq ömrün doqquzuncu on illiyini arxada qoymuş xalq şairimiz Nəriman Həsənzadə bu günün özündə də o saf məhəbbəti ürəyində gəzdirir. Gözləri hər gün Sara xanımı axtarır, Sara xanım hər gecə yuxusuna gəlir.
– Mən dost gördüm, həyan gördüm,
Salam verib, sayan gördüm.
Sənə bir oxşayan gördüm,
Gözüm o gözlərdə qaldı.

Bu qiymətli kitabı oxuyun. Saf məhəbbətin insanı yaşadan bir qüvvə olduğuna siz də inanacaqsınız…


Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
