Azərbaycan.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu ilin yanvar ayında vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 331 şəxs qəbul olunub və onlara 106 239 sayda xidmət göstərilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 59,7 %-ni aşağıdakı 9 xidmət növü təşkil edib:
-
Bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
-
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
-
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
-
“ASAN İmza” sertifikatlarının verilməsi;
-
Vergi ödəyicilərinə arayışların verilməsi;
-
Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
-
Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
-
Vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması və uçotdan çıxarılması;
-
Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 2,9 minə yaxın yazılı müraciət cavablandırılıb, 6,4 milyondan çox məlumatlandırma xarakterli bildiriş göndərilib.
Bundan əlavə, 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş keçirilib, 494 şəxsə ünvanlı xidmət göstərilib və vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 243 mindən çox SMS göndərilib.
