Azərbaycan.media xəbər verir ki, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət yalnız ərazi bütövlüyünün və tam suverenliyin bərpası ilə məhdudlaşmır. Dövlət, eyni zamanda, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunması ilə tarixi və prinsipial bir mərhələni geridə qoyur.
Politoloq Yalçın Hacızadə Azərbaycan.media.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı siyasət həm xalq qarşısında verdiyi vədlərə sadiqliyi, həm də ədalətin təmin olunması baxımından nadir nümunədir. O qeyd edib ki, müharibə cinayətlərinə dair məhkəmə prosesi heç bir xarici təzyiqə boyun əymədən milli hüquq sistemi çərçivəsində həyata keçirilir və beynəlxalq səviyyədə presedent xarakteri daşıyır.
Hacızadə əlavə edib ki, məhkəmə prosesi Ermənistan dövlətinin, onun rəhbər şəxslərinin və ayrı-ayrı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin – işğal, soyqırımı, urbisid və ekosid faktlarının məsuliyyətini hüquqi müstəvidə təsdiqləyir. Təqsirləndirilən şəxslərin etirafları qondarma rejimin müstəqil olmadığını, Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyini göstərir.
Politoloq vurğulayıb ki, məhkəmə prosesi həm də Azərbaycanın güclü, prinsipial və ədalətə söykənən suveren dövlət olduğunu təsdiqləyir. Bu proses yalnız keçmişlə hesablaşma deyil, gələcək üçün hüquqi və siyasi ədalət mesajıdır və beynəlxalq ədalət sistemində nümunəvi model kimi qiymətləndirilir.
Mənbə: Azərbaycan.media
