Azərbaycan.media xəbər verir ki, son günlər balıq bazarında qiymətlərdə ciddi artım müşahidə olunur.
Satıcıların sözlərinə görə, alıcı sayının əvvəlki günlərlə müqayisədə artması tələbatı yüksəldib və bu da qiymətlərin qalxmasına səbəb olub.
Xüsusilə xaricdən idxal olunan balıqların qiyməti son bir həftə ərzində hər kiloqram üzrə 1-2 manat artıb. Hazırda bazara əsasən İran, Rusiya və Türkiyədən balıq gətirilir.
Satıcılar bildirir ki, əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20 manata, çupra 18 manata, forel isə 12-13 manata satılır. Xaricdən gətirilən forellərdə də təxminən 1 manatlıq artım qeydə alınıb. İran mənşəli forel və çuprada da qiymət artımı müşahidə olunur.
Eyni zamanda, satıcılar Xəzər dənizindən çıxarılan balığın son dərəcə azaldığını bildirir. Yerli balıq nadir hallarda bazara çıxarılır və satışa təqdim olunan az miqdar da qısa müddətdə tükənir. Çay balıqlarında da azalma müşahidə olunur.
