🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pezeşkian Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüş zamanı xalq qarşısında çıxışında Azərbaycana təşəkkür edib.

O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Prezidentin sözlərinə görə, bu yanaşma inqilab rəhbərinin göstərişinə əsaslanır.

“Bu ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz onlarla əlaqələrimizi daha da gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edərək narahatlıqlarını və mövqelərini ifadə edirdilər”, – deyə Pezeşkian vurğulayıb.

İran Prezidenti Azərbaycan və Prezident İlham Əliyevə, həmçinin Türkiyə Prezidenti və bu ölkənin xarici işlər nazirinə təşəkkürünü bildirib.

Pezeşkian əlavə edib ki, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misir də İranla bağlı narahatlıqlarını ifadə edərək məsələlərin diplomatik yollarla həllinə çalışıblar: “Mən bütün bu ölkələrə təşəkkür edirəm”.