Esmira Fuad
Azərbaycan.media xəbər verir ki, Xıdır Nəbi, eyni zamanda Xıdır Əlləz və Xıdır İlyas adı ilə tanınan bayram qədim tarixə malikdir və türk dünyasının geniş ərazilərində qeyd olunur. Bu mərasimdə əsasən Xızır peyğəmbərlə əlaqəli inanclar, təbiətin oyanması və əkinçiliklə bağlı adətlər özünü göstərir.
Xıdır Nəbi bayramı adətən Böyük çillə ilə Kiçik çillə arasında, fevralın ilk ongünlüyündə keçirilir. Mərasimin gedişində uşaqlar və cavanlar bir yerə toplaşaraq Xıdır nəğmələri oxuyur, qapıları döyərək Xıdır adına pay yığırlar. Bayram üç gün davam edir: birinci gün torpaq tərif olunur və bağlar təmizlənir, ikinci gün evdəki öküzlərin adına xüsusi kömbələr hazırlanır, üçüncü gün isə torpağı işləyən cütçü və əkinçilər tərif olunur. Bayramın adət və mərasimləri torpaq, su, od və hava elementləri ilə bağlıdır, Xızır peyğəmbər isə bu ünsürlərin hamisinin himayəçisi hesab olunur.

Bayramın əsas atributlarından biri də Xıdır xonçasıdır. Xonçaya qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu, innab, iydə, kişmiş, qoz, fındıq və digər qovrulmuş çərəzlər qoyulur. Evdə xüsusi yerlərdə saxlanılan xonçaya inanılır ki, gecə Xızır peyğəmbər əl basacaq. Bayram süfrəsinə həmçinin plov və xəmirdən, yarmadan bişirilmiş yeməklər qoyulur.
Uşaqlar bayram günü qapılara gedərək Xıdır payı yığırlar. Xonçalar nişanlı və təzə gəlinlərə də aparılır, yundan toxunmuş isti geyimlər xonçaya əlavə olunur. Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adlar qoyulur, bunun uşaqların çətinlik çəkməyəcəyinə işarə etdiyi düşünülür.
Xıdır Nəbi bayramı həm Novruz bayramına hazırlıq mərhələsi, həm də təbiətin oyanışının başlanğıcı hesab edilir. Bayram türk xalqlarının bütün ərazilərində, o cümlədən Azərbaycan, Orta Asiya, Anadolu və Balkanlarda keçirilir. Xıdır Nəbi babanın şərəfinə qurbanlar kəsilir, qovurulmuş buğda üyüdülür, qovud hazırlanır və ailədə bərəkət, əmin-amanlıq üçün adətlər yerinə yetirilir.
Qeyd edək ki, 2017-ci ildə Xıdır Nəbi bayramı UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edilib və bu bayramın dünya miqyasında tanınmasını təmin edib.
