Azərbaycan.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşüb.
QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə ilə yanaşı Azərbaycandakı dini konfessiya rəhbərləri də iştirak ediblər: Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev.
Papa XIV Leo qonaqları səmimi salamlayaraq Azərbaycandakı dini konfessiyaların birgə Vatikana təşrif buyurmasını sülh və insan qardaşlığı mühitində birgəyaşayışın ən gözəl nümunəsi kimi yüksək qiymətləndirib.
QMİ sədri Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Azərbaycan xalqının səmimi salamlarını Papa XIV Leo-ya çatdırmaqdan böyük şərəf duyduğunu bildirib. O, Azərbaycan-Vatikan əlaqələrinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan əsası, Prezident İlham Əliyev tərəfindən davam etdirilən və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri ilə inkişaf etdirilən yüksək səviyyəsini vurğulayıb. Şeyxülislam Paşazadə həmçinin mərhum Roma Papası Fransiskin Azərbaycana tarixi səfəri və ölkəmizin multikultural dəyərləri barədə xoş fikirlərinin həmişə xatirələrdə olduğunu qeyd edib.
QMİ sədri əlavə edib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafı qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini icma nümayəndələri ilə səmərəli görüşlər vasitəsilə dərinləşir. O, dini mərkəzlər – Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında onilliklərə dayanan əməkdaşlığın dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə verdiyini vurğulayıb.
