🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İslam Səfərli küçəsi müasir piyada zonasına çevrilir

Azərbaycan.media xəbər verir ki, paytaxtın mərkəzində yerləşən İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv abadlıq və yenidənqurma işləri aparılır.

Bakı Şəhəri İcra Hakimiyyətinin Mətbuat xidmətindən APA-ya bildirilib ki, küçə boyunca mövcud olan bütün kommunikasiya xətləri tam şəkildə yenilənib. Layihə çərçivəsində ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir və piyada zonası yaradılır.

Məlumata görə, küçənin böyük hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi sahələr ayrılıb, həmçinin müasir işıqlandırma dirəklərinin quraşdırılmasına başlanılıb. Eyni zamanda, daş döşəmələrin salınması işləri əsasən yekunlaşıb, bəzi hissələrdə skamyalar quraşdırılıb.

Ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanının tələblərinə uyğunlaşdırılır. Görülən işlər 1 kilometrdən artıq ərazini əhatə edir.

Qeyd edək ki, layihənin əsas məqsədi şəhər mühitinin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, piyadalar üçün daha rahat, təhlükəsiz və funksional bir məkan formalaşdırmaqdır.