Azərbaycan.media xəbər verir ki, dərmanların ev şəraitində saxlanılması ilə bağlı geniş yayılmış “ən təhlükəsiz yer soyuducudur” fikri ciddi yanlışlıqdır. Bu barədə “Qazeta.Ru”ya kimya elmləri namizədi, RTU MIREA-nın Biotexnologiya və Sənaye Əczaçılıq kafedrasının dosenti Aleksey Panov açıqlama verib.
Mütəxəssis bildirib ki, bir çox dərman vasitələri üçün soyutma, xüsusilə də dondurma onların saxlanma müddətini artırmır, əksinə terapevtik xüsusiyyətlərin itirilməsinə və hətta sağlamlıq üçün təhlükəli parçalanma məhsullarının yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, hər bir preparatın saxlanma şəraiti istehsalçı tərəfindən müəyyən edilir və bu məlumat mütləq istifadə təlimatında göstərilir.
Aleksey Panov qeyd edib ki, soyuducunun əsas risklərindən biri yalnız dondurma ehtimalı deyil, həm də aşağı temperaturla yüksək rütubətin eyni anda mövcud olmasıdır. Bu şərait həblər, tozlar, kapsullar və bəzi məlhəmlər üçün xüsusilə təhlükəlidir. Hermetik qabda saxlanılmayan dərmanlar rütubət çəkə, nəticədə onların fiziki-kimyəvi xüsusiyyətləri dəyişə, təsiredici maddələr vaxtından əvvəl məhv ola və mikroorqanizmlərin artması riski yarana bilər. Bu hal xüsusilə bitki mənşəli və təbii komponentlər əsasında hazırlanan preparatlarda daha çox müşahidə olunur.
Kimyaçı vurğulayıb ki, bəzi dərman vasitələrini heç bir halda dondurmaq olmaz. Bunlara əksər vaksinlər, insulinlər, interferonların bir hissəsi və digər zülal mənşəli preparatlar daxildir. Onun sözlərinə görə, bu preparatların tərkibindəki aktiv maddələr mənfi temperaturda denaturasiya olunur, yəni molekulyar strukturu geri dönməz şəkildə dəyişir. Nəticədə dərman təsirsiz hala düşür, vaksinlər isə immunogen xüsusiyyətlərini itirir. Dondurma eyni zamanda emulsiyaların qatlara ayrılmasına və ampulaların zədələnməsinə də səbəb ola bilər. Donmuş preparat sonradan normal görünsə belə, onun terapevtik təsiri artıq itmiş ola bilər.
Bundan əlavə, təlimatda xüsusi qeyd edilmədiyi halda, sirop və su əsaslı suspenziya formasında olan dərmanların da soyuducuda saxlanması tövsiyə edilmir. Aşağı temperatur şəkərlərin və digər komponentlərin kristallaşmasına, çöküntü yaranmasına səbəb olur ki, bu da düzgün dozalanmanı mümkünsüz edir. Maye ekstraktlar və tinkturalar bulanıqlaşa və öz xüsusiyyətlərini dəyişə bilər.
Mütəxəssis həmçinin dərmanların kəskin qoxu yayan və rütubət buraxan qida məhsulları – tərəvəz, meyvə, balıq və s. ilə yanaşı saxlanılmasının da düzgün olmadığını bildirib.
Qeyd olunub ki, yalnız istifadə təlimatında açıq şəkildə göstərildiyi hallarda dərmanlar soyuducuda saxlanıla bilər. Bu zaman preparat ayrıca, hermetik qabda, dondurucu kameradan və temperaturun tez-tez dəyişdiyi qapı hissəsindən uzaqda, soyuducunun orta rəfində yerləşdirilməlidir.
