Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Texas ştatında eniş zamanı Meksika Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb, bir nəfər itkin düşüb.
Meksikanın ABŞ-dəki Konsulluğunun yaydığı məlumata görə, ölənlərdən üçü və itkin düşən şəxs HDQ-nin hərbi qulluqçularıdır. Həlak olan digər iki nəfər isə təyyarə ilə təxliyə edilən xəstə və onu müşayiət edən həkimdir. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.
Meksika Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, “King Air ANX 1209” tipli təyyarə humanitar – tibbi yardım missiyası çərçivəsində Texas ştatının Qalveston şəhəri yaxınlığında enişə yaxınlaşarkən qəzaya uğrayıb. Hadisədən dərhal sonra ABŞ Sahil Mühafizəsi ilə birgə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Nazirlik qəzanın səbəblərinin araşdırıldığını, həmçinin bütün zəruri prosedurların tamamlanması üçün Hyustondakı Meksika Konsulluğu ilə koordinasiyalı fəaliyyətin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, yerli mətbuatın məlumatına əsasən, təyyarə Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərindən Qalvestona tibbi reys həyata keçirirmiş. Təyyarədə iki pilot və bir uşaq da daxil olmaqla ümumilikdə səkkiz nəfər olub. Sıx duman və məhdud görmə şəraitində Skoulz Beynəlxalq Hava Limanına yaxınlaşarkən təyyarə Qalveston körfəzinə düşüb.
