Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişikliklərlə bağlı izahat yayıb.
Yeni qaydaya əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində və əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərə erkən, güzəştli şərtlərlə pensiya təyinatı işəgötürən tərəfindən təqdim olunan arayışa əsasən həyata keçirilir.
Əgər müəssisə artıq fəaliyyət göstərmirsə və arayış təqdim etmək mümkün deyilsə, şəxsin işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olduğu halda, onun iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ təmin olunacaq.
Güzəştli sahədə iş stajının hesablanması “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, digər hallarda isə əmək kitabçası və ya Dövlət arxivindən alınan arayışa əsasən aparılacaq.
Həmçinin, qulluq əlavəsi alan və işləməyə davam edən şəxslərin əmək pensiyası hesablanarkən, əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan məbləğlərdən yüksək olanı vətəndaşa təyin ediləcək. Yeni Qərarda digər təkmilləşdirmə və uyğunlaşdırma tədbirləri də yer alıb.
