Azərbaycan.media xəbər verir ki, alkoqolun insan orqanizminə təsiri ilə bağlı yayılan “daha zərərli içki” müzakirələrinə aydınlıq gətirilib.
Mütəxəssislərin izahına görə, əsas risk içkinin növündən deyil, tərkibində olan etanoldan qaynaqlanır. Alkoqol orqanizmə daxil olduqda asetaldehid adlı zəhərli maddəyə çevrilir. Bu maddə hüceyrələrə zərər verir, DNT-nin strukturuna təsir göstərir və uzunmüddətli istifadə zamanı xərçəng riskini artıra bilir.
Qeyd olunur ki, istər araq, istər viski, istərsə də digər alkoqollu içkilər olsun – təsir mexanizmi eynidir və əsas fərq qəbul edilən miqdarla bağlıdır.
Həkimlər bildirirlər ki, müntəzəm və yüksək dozada alkoqol istifadəsi mədə-bağırsaq sistemində problemlər, qaraciyər zədələnməsi, eləcə də ağız, boğaz və qida borusunda hüceyrə dəyişiklikləri riskini artırır.
Mütəxəssislərin fikrincə, bəzi içkilərin “daha yüngül” və ya “daha təmiz” hesab olunması doğru yanaşma deyil. Riskin səviyyəsini müəyyən edən əsas amillər isə qəbul tezliyi, miqdarı və uzunmüddətli istifadənin davam etməsidir.
