Azərbaycan.media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə martın 2-6-da, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq.
Monitorinq risk əsasında seçilmiş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək. Ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə bəzi quşlar ovlanacaq.
Bundan başqa, müxtəlif sənaye quşçuluq müəssisələrindən, o cümlədən ailə təsərrüfatlarından ev quşları üzrə diaqnostik nümunələr götürüləcək, ölkə üzrə müəssisələr, təsərrüfatlar, su hövzələri və parklar ümumi baxışdan keçiriləcək.
Baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, toplanan epizootoloji məlumatlar təhlil ediləcək və nümunələr müvafiq laborator müayinələrdən keçiriləcək.
