Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova saytımıza açıqlamasında Prezident İlham Əliyevin 15 fevral tarixində Serbiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatların iki ölkə arasındakı tərəfdaşlığın həm siyasi, həm də praktik istiqamətlərini aydın göstərdiyini bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan və Serbiya arasında münasibətlərin ideya əsasını suverenliyə hörmət, qarşılıqlı fayda və praqmatik əməkdaşlıq təşkil edir. Dövlət başçıları – İlham Əliyev və Aleksandr Vuçiç arasında formalaşmış şəxsi etimad və səmimi münasibətlər siyasi dialoqun effektivliyini artırır.
Elnarə Akimova bildirib ki, səfər çərçivəsində keçirilən Azərbaycan-Serbiya Strateji Şurasının ilk iclası tərəfdaşlığın institusional çərçivəsini möhkəmləndirib. Prezident İlham Əliyev gələcək üçün açıq və konkret planların mövcudluğunu bəyan edərək enerji, nəqliyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsini, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib.
Deputat qeyd edib ki, enerji sahəsində Bakı–Belqrad xətti artıq fəaliyyətə başlayıb: Azərbaycan Serbiyaya təbii qaz ixrac edir və həcmlərin artırılması planlaşdırılır. Bu əməkdaşlıq Serbiyanın enerji təhlükəsizliyini gücləndirir və yeni ixrac imkanları yaradır.
Investisiya sahəsində də tərəflərin maraqları üst-üstə düşür. E.Akimova bildirib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazırdır. Elektrik stansiyalarının tikintisi və enerji infrastrukturunun modernləşdirilməsi layihələri iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Avrasiya məkanında yeni bağlantı xətlərinin formalaşmasına xidmət edir. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizində mühüm rol oynayır, Serbiya isə Avropanın logistika sistemində strateji mövqeyə malikdir. Həmçinin mədəniyyət, təhsil və ictimai diplomatiya sahəsində əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimadı gücləndirir.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycan–Serbiya tərəfdaşlığı yalnız iki ölkənin deyil, daha geniş coğrafiyada əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə də töhfə verir. Suverenliyə sədaqət, strateji etimad və ortaq inkişaf vizyonu iki ölkə arasındakı münasibətləri uzunmüddətli və dayanıqlı siyasi xəttə çevirir.
