Azərbaycan.media xəbər verir ki, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması və yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davam edib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA�-ya bildirilib ki, nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkili və Bələdiyyələrin Milli Assosiasiyalarının iştirakı ilə aparılan tədbirlər yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsindəki problemlərin aradan qaldırılmasına yönəldilib. Bu işlər müsbət dinamikanın qorunmasına səbəb olub.
Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə məlumatına əsasən:
Ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3,3 milyon manat (5,2%) artaraq 65,6 milyon manatı keçib.
Yerli büdcələrə vergilərdən daxilolmalar 7,2 milyon manat (26,5%) artıb.
Bakı bələdiyyələrinin gəlirləri 16,4% artaraq 23 milyon manatı ötüb və ümumi yerli büdcə gəlirlərinin 35,3%-ni təşkil edib.
Qeyd olunub ki, dövlətin yerli özünüidarəetmə institutuna göstərdiyi dəstək çərçivəsində 2025-ci ildə bələdiyyələrə dövlət büdcəsindən təxminən 7,5 milyon manat dotasiya və subvensiya ayrılıb.
