Azərbaycan.media xəbər verir ki, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü Azərbaycanın razılığı olacağı təqdirdə baş tuta bilər.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu APA-ya açıqlamasında məlumat verib.
Nazir bildirib ki, belə bir görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır:
“Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır.”
Abdulqadir Uraloğlu həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı hazırlıqlar yüksək səviyyədə aparılıb və Azərbaycanla bu sahədə sıx əməkdaşlıq mövcuddur:
“Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız tamamdır. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur və onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq.”
