Azərbaycan.media xəbər verir ki, tanınmış naşir Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında “Təkərli kitab dükanı” layihəsi ilə bağlı qarşılaşdıqları çətinliklərdən yazıb.
Naşir bildirib ki, layihənin məqsədi ölkənin müxtəlif bölgələrini gəzərək kitab sevgisini yaşatmaq və oxu mədəniyyətini təbliğ etmək olsa da, bir çox hallarda onlara maneələr yaradılır:
“Biz ‘Təkərli kitab dükanı’ yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Amma harada dayanırıqsa, oranın bir sahibi tapılır ki, burada dayanmaq olmaz. Dövlət idarəsinin qarşısıdır – olmaz, marketin qarşısıdır – olmaz. Beş ildir bu işi görürük, amma bir dəfə də ‘xoş gəldiniz’ eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual”.
Xuduoğlu həmçinin insanların kitaba və oxuya qarşı laqeyd münasibətindən gileylənib:
“Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran baxışları ilə üzləşirik. Amma uşaqların sevincini gördük – məhz bu, əlimizi soyutmayan tək ümiddir”.
Onun sözlərinə görə, “Təkərli kitab dükanı” son olaraq Sumqayıtda bir məhələdən uzaqlaşdırılıb:
“‘Bağça şəhər’ evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, ‘Təkərli kitab dükanı’nı məhələmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram. İnsanlıq üçün ən təhlükəli bəla ilə üz-üzəyik – cahillik!”
Mənbə: Azərbaycan.media
