Azərbaycan.media xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər Ukrayna 52 milyard dollar məbləğində xarici maliyyə yardımı əldə edib. Onun 22,9 milyard dolları dondurulmuş Rusiya aktivlərindən formalaşıb.
Bu barədə Ukrayna Milli Bankı məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqı və G7 ölkələri ERA proqramı çərçivəsində nəzərdə tutulan 30 milyard dollarlıq paylarını demək olar ki, tam istifadə ediblər. ABŞ isə Donald Trampın hakimiyyətə gəlməsindən sonra Kiyevə birbaşa maliyyə dəstəyini dayandırıb.
Məlumata görə, 2024-cü ilin noyabr-dekabr aylarında Ukrayna 16,1 milyard dollar yardım alıb və bu vəsait əsasən sosial öhdəliklərin yerinə yetirilməsinə yönəldilib.
Son bir ildə Ukrayna daxili borclanmanı da artırıb — bu məbləğ 2,9 milyard dollara çatıb və onun üçdə ikisi son altı ayda formalaşıb.
Qeyd edək ki, oktyabrın əvvəlində Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya dəstəyinin artıq 175-180 milyard avroya çatdığını və gələcəkdə bu rəqəmin daha da artacağını bildirmişdi.
