Azərbaycan.media xəbər verir ki, “Landfall” adlı yeni və təhlükəli zərərli proqramın “Samsung” smartfonlarından məlumat oğurlaya biləcəyi barədə xəbərdarlıq edilib. Məlumatı Publika.az və TechCrunch nəşrləri yayıb.
Analitiklərin bildirdiyinə görə, “Landfall” kiberhücumçular tərəfindən şəxsi məqsədlər üçün istifadə oluna bilən zərərli proqramdır. Virus ani mesajlaşma vasitəsilə xüsusi hazırlanmış şəkil formatında istifadəçiyə göndərilir və maraqlısı odur ki, onun işə düşməsi üçün telefon sahibinin heç bir qarşılıqlı əməliyyat həyata keçirməsinə ehtiyac yoxdur. Bu xüsusiyyət proqramdan qorunmağı çətinləşdirir.
Təhlillərdə zərərli kodun mənbə fayllarında flaqman Galaxy S22, S23 və S24 seriyaları, eləcə də bəzi qatlana bilən Galaxy Z modellərinə istinadlar aşkar edilib ki, bu da proqramın geniş çeşiddə Samsung cihazlarını hədəfə aldığını göstərir.
“Samsung”un bu kimi halların qarşısını almaq üçün artıq tədbirlər gördüyü bildirilsə də, şirkət məsələ ilə bağlı texniki təfərrüatları açıqlamayıb. Həmçinin zərərli proqramın müəllifi və hücumların dəqiq əhatə dairəsi hələlik məlum deyil.
İstifadəçilərə tövsiyə olunur ki, naməlum mənbələrdən gələn şəkil və faylları açmasınlar, əməliyyat sistemləri və təhlükəsizlik proqramlarını vaxtında yeniləsinlər, şübhəli davranış aşkar etdikdə cihazlarını mütəxəssisə göstərsinlər.
