Azərbaycan.media xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində gecə yarısı və səhər saatlarında ardıcıl olaraq 4,5 bal gücündə bir neçə zəlzələ qeydə alınıb. Sarsıntılar İzmir, Manisa, Bursa və İstanbulda da hiss olunub.
Zəlzələlərdən sonra seysmoloqlar bölgədə yerləşən Gelenbe fay xətti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Tanınmış geofizik professor Övgün Ahmet Ercan bildirib ki, son sarsıntılar təxminən 20 kilometr uzunluğunda qırılma yaradıb və xəttin şimal-şərq istiqamətində aktivləşməsi müşahidə olunur. Onun sözlərinə görə, bu proses davam edərsə, Balıkesir şəhəri ciddi şəkildə zərər görə bilər.
Digər mütəxəssis, professor Okan Tüysüz isə qeyd edib ki, zəlzələlər məhz Gelenbe fayında baş verib və bu fayın 6,5–6,9 bal gücündə zəlzələ törətmə potensialı mövcuddur.
Mütəxəssislər bölgədə seysmik aktivliyin artması səbəbilə ehtiyatlı olunması və zəlzələyə qarşı tədbirlərin gücləndirilməsini tövsiyə edirlər.
